
Bu gün İslandiya və Azərbaycan yığmaları arasında keçiriləcək 2026-cı il dünya çempionatının seçmə qrup oyunundan əvvəl AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Komanda oyuna hazırdır? Baş məşqçi hava şəraitini və saat fərqini nəzərə alaraq, AFFA-nın qarşısına İslandiyaya daha tez gəlmək şərti qoymuşdu. Qurum bunu yerinə yetirdi. AFFA-nın baş məşqçidən tələbləri nələrdir?
- Komandada ab-hava çox yaxşıdır. Futbolçuların hamısı həvəsli, istəklidirlər. Seçmə mərhələyə uğurlu start vermək istəyirik. Düşünürəm ki, elə də olacaq. Fernandu Santuşun istəyi tələb deyildi. Bu, ümumi müzakirənin yekunu idi. Həmin tələbi məqbul saydıq və yerinə yetirdik. Bizim komanda qarşısında tələbimiz yoxdur. Özləri-özlərindən tələb etməlidirlər. Məncə, edirlər. Hamımız yaxşı oyun və nəticə gözləyirik.
- Dediniz ki, tələbiniz yoxdur. Bəs vədiniz var?
- İdmanda, xüsusən də futbolda vəd vermək düzgün deyil. Yeganə vəd ondan ibarətdir ki, uşaqlar yaxşı nəticə və azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklər.
- Vəd deyərkən, mükafatı nəzərdə tuturduq...
- Bu, komandadaxili məsələdir. Bizə nə lazımdır? Motivasiya lazımdır? Futbolçular motivasiyalıdırlar. Bunu bilmək yetərlidir.
- Bu gün hansı nəticə məqbul sayılacaq?
- Ümumiyyətlə, bütün idman növlərində oyuna başlayanda udmaq istəyirsən. Biz də qələbə qazanmaq istəyirik.
- Futbol ictimaiyyətində belə bir fikir var ki, qarşıdakı iki görüş Fernandu Santuşun baş məşqçi postunda son oyunları ola bilər. AFFA rəhbərliyində də bu yöndə hansısa qənaət formalaşıb?
- Qənaət yoxdur. Tsiklın ilk oyunudur. Qətiyyən bədbin düşünmək olmaz. Fikir formalaşsaydı, Santuş burada olmazdı. Ancaq pozitiv düşünürük.
- Adətən böyük turnirlər öncəsi AFFA prezidenti milli komanda ilə görüşür. Bu dəfə həmin görüş baş tutmadı?
- Görürəm ki, məlumatlısız. AFFA rəhbərliyi komanda ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Yaxşı müzakirə alınıb.
- Amma bu, ictimaiyyətə açıqlanmayıb...
- Bu, gizli bir şey deyil. Komandadaxili yığıncaq idi.
- U-21 millimiz də eyni vaxtda Portuqaliya seçməsi ilə çox ciddi oyuna çıxacaq. Oradan nəyə ümid etmək olar?
- Həmin komandada Ayxan Abbasovun çox böyük işi var. Hamımız onun işlərini Elxan müəllimlə müzakirə etmişdik. Gözlənti yeni komanda formalaşdırmaqdır. Püşk elə gətirdi ki, ilk matçda ən çətin rəqiblə düşdük. Əsas olan komandanı sınayıb, sınaqdan üzüağ çıxmaqdır (Apasport.az).