"Qarabağ" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Almaniya "Ayntraxt"ı olub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı artıq 4-cü dəqiqədə Elvin Cəfərquliyevin ötürməsindən sonra Kamilo Duran vurub.
Lakin cəmi 6 dəqiqə sonra qonaqların türkiyəli futbolçusu Can Uzun Pedro Bikalyonun müdafiədəki səhvindən sonra bərabərlik qolunu vurub.
73-cü dəqiqədə Duran rəqibin cərimə meydançasına daxil olduğu vaxt kobudluqla üzləşib. Lakin isveçrəli baş hakim Sandro Şörer "davam" qərarı verib. Lakin bundan cəmi 4 dəqiqə sonra o, Bəhlul Mustafazadənin rəqib hücumçuya qarşı müdaxiləsini penalti kimi dəyərləndirib. "Qarabağ"ın qapıçısı Mateuş Koxalski Fares Şaibinin zərbəsinə əngəl ola bilməyib.
Lakin bundan cəmi 2 dəqiqə sonra Duran Cəfərquliyevin növbəti keçidindən sonra qapı qarşısına ötürməsini qolla tamamlayaraq, bərabərlik qolunu vurub. Bununla da kolumbiyalı hücumçu əsas mərhələdə 4-cü qolunu vurub və 3 qolu olan komanda yoldaşı Leandro Andradeni geridə qoyaraq, "Qarabağ"ın ən məhsuldar oyunçusuna çevrilib.
Bərabərlik qolundan sonra baş məşqçi Qurban Qurbanov 3 dəyişikliyə əl atıb. O, Coni Montiel, Leandro Andrade və uzatma dəqiqəsinin başlanğıcında Kamilo Duranı meydançadan çıxararaq, onları müvafiq olaraq, Aleksey Kaşuk, Emmanuel Addai və Musa Qurbanlı ilə əvəzləyib.
Nəticədə "Qarabağ" son dəqiqələri yalnız hücumda keçirib. Referinin əlavə etdiyi 4 dəqiqənin tamamında Mateus Silvanın sağ cinahdan qapı qarşısına ötürməsini Bəhlul Mustafazadə saxlamadan qapıya göndərib. Mustafazadə Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb.
"Qarabağ" isə 3:2 hesablı əzmkar qələbə qazanaraq, xalını 10-a çatdırıb və pley-off mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edib. 4 xala malik "Ayntraxt" isə şanslarını tam itirib.
---------------------------
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində VII tur matçına çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Almaniyanın "Ayntraxt" komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.
Bu, "Qarabağ"ın son ev oyunu olacaq. Ağdam komandası əvvəlki 6 oyunundan 2 qələbə, 1 heç-heçə və 3 məğlubiyyətlə ayrılıb. "Ayntraxt" isə 1 qələbə və 1 heç-heçə və 4 məğlubiyyət alıb. VII turun ilk oyun gününün nəticələrindən sonra "Qarabağ" 7 xalla 25-ci, "Ayntraxt" 4 xalla 3-cü pilləyə enib.
Pley-off şanslarını davam etdirmək üçün hər iki komandaya qələbə lazımdır. Bu səbəbdən, meydanda gərgin mübarizənin gedəcəyi gözlənilir.
Oyun öncəsi Almaniya klubunun baş məşqçisi Dino Topmöller istefaya göndərilib. Komanda Bakıya bu gecə gənclərdən ibarət komandanın baş məşqçisi Dennis Şmitt və U-19 komandasının məşqçisi Aleksander Mayerin başçılığı altında gəlib. Lakin aparıcı rolu Şmitt oynayacaq.
Mayer iki komanda arasında 2013/2014 mövsümündə Avropa Liqasının pley-off mərhələsində keçirilmiş oyunlarda futbolçu kimi çıxış edib. O, Bakıda hər iki qolun, Frankfurtda isə bir qolun müəllifi olub - 2:0, 1:0.
Qeyd edək ki, hər iki komanda son turda İngiltərə komandaları ilə qarşılaşacaq. "Qarabağ" yanvarın 28-də "Liverpul"un qonağı olacaqsa, "Ayntraxt" "Tottenhem"i qəbul edəcək.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, VII tur
21 yanvar
21:45. "Qarabağ" (Azərbaycan) - "Ayntraxt" (Almaniya) - 3:2
Qollar: Kamilo Duran, 4; 80. Bəhlul Mustafazadə, 90+4 - Can Uzun, 10; Fares Şaibi, 78 (pen.)
Baş hakim: Sandro Şörer
Yan xətt hakimləri: Stefan De Almeyda, Yonas Erni
Dördüncü hakim: Yohannes von Mandaş
VAR hakimi: Fedayi San
VAR hakiminin köməkçisi: Lukas Föhndrix (hamısı İsveçrə)
Hakim-inspektor: Stefan Yohannesson (İsveç)
UEFA nümayəndəsi: Per Eliasson (İsveç).















































































