“Çox xoşbəxt və qürurluyuq. Çünki bu oyun bizim üçün olduqca çətin idi. Oyuna yaxşı başladıq və erkən qol vurduq. Daha sonra oyun dəyişdi və iki qol buraxdıq. Buna baxmayaraq, təslim olmadıq, sona qədər mübarizə apardıq və son dəqiqədə Baxru qol vurdu. Bu, inanılmaz an idi”.
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir evdə Almaniya "Ayntraxt"ına 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Oyunun çətin keçdiyini bildirən kapitan son dəqiqə qolunun yaratdığı hisslərdən danışıb: “Belə anlar hər futbolçuya karyerası ərzində qismət olmur. Azarkeşlər üçün də möhtəşəm idi. Hətta meydançada olarkən qol vurduğumuza inanmaq çətin idi. Komandamızla fəxr edirik”.
Təcrübəli yarımmüdafiəçi Liqa mərhələsində 10 xal toplamalarını yüksək qiymətləndirib: “Altı ay əvvəl kimsə desəydi ki, bu mərhələdə 10 xalımız olacaq, yəqin ki, inanmazdıq. Amma düşünürəm ki, buna layiqik. İndi bizi "Liverpul"la İngiltərədə çox çətin səfər oyunu gözləyir. "Enfild" stadionunda oynamaq asan deyil, lakin biz yenə də öz futbolumuzu sərgiləməyə və sona qədər mübarizə aparmağa çalışacağıq”.
Sonda Zubir azarkeşlərə təşəkkür edib: “Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Hamıya sağlamlıq və xoşbəxtlik arzulayıram”.















































































