Xorvatiyanın "Varajdin" klubundan icarə əsasında "Zirə"yə keçən Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadə yeni komandasında "Neftçi"yə qarşı Premyer Liqanın XVII tur matçında debüt edib. 25 yaşlı hücumçu səfər matçının 66-cı dəqiqəsində meydançaya daxil olub.
Qarşılaşmanın ardından Abdullazadə jurnalistlərə müsahibəsində debüt matçını dəyərləndirməklə yanaşı, "Varajdin"də oynamağa davam edə bilməməsinin səbəblərini açıqlayıb:
- "Zirə"də debütünüzü necə qiymətləndirirsiniz?
- Epizodları dəyərləndirməyə çalışdım. Düşünürəm ki, bir neçə oyundan sonra daha yaxşı olacağam.
- "Varajdin"də davam edə bilməməyinizə səbəb nə oldu?
- Əvvəlki müsahibəmdən sonra jurnalistlər fikirlərimi başqa cür yozmuşdular. Təbii ki, orada oynamaq qürurdur, daim çıxış etmək lazımdır. Orada həm də rəqabət güclüdür. Lakin oynamıramsa, başqa alternativlərə baxmaq lazımdır. Mən də bunu dəyərləndirdim.
- Bunu geriyə addım saymırsınız?
- Xeyr.
- "Varajdin"ə oynamağa getmişdiniz. Bəs necə oldu ki, sizə şans vermədilər?
- Dediyim kimi, oralarda - Xorvatiya liqasında rəqabət güclüdür. Mən də oynamaq üçün başqa variantları nəzərdən keçirdim və "Zirə"nin daha uyğun olduğunu gördüm.
- Özünüzü "Varajdin"də kimdənsə zəif sayırdınız?
- Xeyr, özümü heç kimdən zəif saymırdım. Amma özünüz Xorvatiya liqasını bilirsiniz. Düşünürəm ki, yenidən ora qayıtmaq üçün öz üzərimdə bir az da işləməli, artırmalıyam. Tez "pes" edən biri deyiləm. Daim öz üzərimdə işləyirəm. Ona görə də rəqabətə tab gətirməyə çalışacağam.
- Geri qayıtmaq üçün daha çox çalışmalı olduğunuzu bildirdiniz. Mövsümün sonunda geri qayıtmağı düşünürsünüz, yoxsa "Zirə"də davam etmək fikrindəsiniz?
- Hələlik buradayam, "Zirə"yə konsentrasiya olunmuşam. Çalışacağam ki, burada olduğum müddətdə komandaya xeyir verim.
- "Zirə" ilə təlim-məşq toplanışında iştirak etməməyiniz nə ilə əlaqədar idi?
- Bu, bir qədər şəxsi məsələ ilə bağlı idi. Ona görə də toplanışa qatıla bilmədim.
- Hazırda fiziki durumunuzu yetərli sayırsınız?
- Bəli, baş məşqçi Rəşad Sadıqovla da mütəmadi danışıram. Düşünürəm ki, yavaş-yavaş fiziki cəhətdən hazır olacağam.
- Bəs burada əsas heyətə düşə biləcəksiniz?
- "Zirə" də yaxşı komandadır. Fərqi yoxdur, harada olursan-ol, öz üzərində çalışmalısan. Mən də daim öz üzərimdə çalışacağam. Bura komandaya xeyir verməyə gəlmişəm.
- Siz legioner həyatı yaşamağa gedən, lakin tez qayıdan ilk futbolçu deyilsiniz. Sizcə, xarici klubda qalıb heyətdə möhkəmlənə bilməmək yalnız rəqabətlə, yoxsa yerli mühitə uyğunlaşa bilməməklə əlaqədardır?
- Hər bir futbolçunun fərqli xarakteri olur. Sadəcə, mən daha çox oynamağı xoşlayır, hər an meydançada olmaq istəyirəm. Əslində orada hər şey qaydasında idi. Məncə, hər şey yaxşı gedirdi. Amma daim oynamaq istədiyim üçün bura gəlmişəm. Başqa futbolçular haqqında danışa bilmərəm. Çünki onların öz arqumentləri var.
- Azərbaycanlı futbolçuların xaricdə dözə bilməməsi azarkeşlərdə və mediada məyusluq yaradıb. Necə olur ki, bu, postsovet məkanının digər futbolçularında alınır, sizdə yox?
- Bu, zamandan da asılıdır. Düşünürəm ki, yavaş-yavaş daha yaxşıya doğru irəliləyirik. Məncə, gələcəkdə daha yaxşı olacaq.
- Son mövsümlərədək Azərbaycan Premyer Liqasındakı komandalar "Qarabağ" və başqaları adlandırılırdı. Demək olarmı ki, Xorvatiya liqası da "Dinamo Zaqreb" və başqaları"ndan ibarətdir?
- Xeyr, belə deməzdim. Çünki elə özümüz də "Varajdin" olaraq, "Dinamo Zaqreb"ə qarşı çox yaxşı mübarizə aparmışdıq. Digər komandalar da "Dinamo Zaqreb" və "Hayduk"la qarşılaşmalarda yaxşı çıxış edirlər. Düşünmürəm ki, oradakı fərq buradakı qədərdir.
- Yəni, Xorvatiya liqası daha səviyyəlidir?
- Fikrimcə, bəli.
Elşən MƏMMƏDOV


















































































