Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov "Eybar"ın heyətində İspaniya Kubokunun ilk 1/8 final matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib "Las Palmas" olub.
Eybar şəhərindəki "İpurua" stadionunda baş tutmuş qarşılaşma qonaqlarını qələbəsi ilə yekunlaşıb - 3:2. Start heyətdə meydana daxil olan İsrafilov 63-cü dəqiqədə sarı vərəqə ilə yadda qalıb. 70-ci dəqiqədə isə o, yerini Qonsalo Eskalanteyə verib.
Meydan sahiblərinin qollarını İzet Hayroviç (dəq. 10) və Saul Berjon (dəq. 20) vurub. İlk yarıda "Eybar" 2:1 hesabı ilə öndə olsa da, ikinci hissənin ortalarında qapısında 2-ci qolu görüb. Oyunun sonlarında İsrafilovun komandası 9 futbolçu ilə qalib. Buna Hayroviçlə (dəq. 82) Eskalantenin (dəq. 87) qırmızı vərəqə almaları səbəb olub. Qonaqlar say üstünlüyündən uzatma dəqiqələrində yararlanaraq, qələbə topunu vurublar.
Qeyd edək ki, cavab görüşü yanvarın 13-də olacaq.