"Rusiya yığması ilə ilk oyunu buraxdığımız çoxlu səhvlər üzündən uduzmuşduq. Həmin matçı təhlil etdik, xətalarımızı gördük və bunları bugünkü oyunda düzəltdik. Nəticədə matçı əvvəldən sonadək üstün durumda keçirdik”. Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-17) üzvü Mətin Gülər deyib.
Gənc yarımmüdafiəçi millidə rusiyalı həmyaşıdları ilə ikinci oyununun əsas qəhrəmanı olub. Gülər son dəqiqədə vurduğu gözəl qolla qələbə topunun müəllifi olub. Özü də o, zədəli halda fərqlənə bilib: "İkinci hissənin əvvəlində aldığım zərbədən sonra ayağım şişdi. Buna görə də tibbi müdaxilə oldu. Əslində, bizim daha öncə də fərqlənmək şansımız vardı. Rəqibə isə belə imkan vermədik. Komanda yoldaşım mənə yaxşı ötürmə verdi. Son dəqiqə idi və mən də şansımı dəyərləndirdim. Uzaq məsafə olsa belə, topu birbaşa qapıya göndərməyi qərara aldım. Qol istəyim həyata keçdi. Daha öncə bir-iki dəfə belə qollar vurmuşam. Bu, "Beşiktaş”ın heyətində xaricdə turnirlərdə olub. Onlar indiki qolumdan daha gözəl idi”.
Gülər Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ciddi hazırlaşdıqlarını söyləyib. Onun fikrincə, komandası hər matçda əvvəlkindən daha yaxşı oynayır: "Uzun fasilədən sonra yenidən bir araya gəldik. Rusiya ilə ilk oyunda əvvəlki maçlarda olduğu kimi toparlana bilmədik. Ancaq ikinci matçda bunu edə bildik və qat-qat yaxşı oynadıq. Düzdür, bəzi türkiyəli futbolçular bu dəfə heyətimizdə yoxdur. İlk oyunda komanda olaraq çatışmazlıqlarımız vardı və onların yoxluğunu hiss etdik. Ancaq ikinci oyunda xətalarımızı aradan qaldırıb yaxşı oyun nümayiş etdirməklə, kimsənin yoxluğunu hiss etdirmədik. Məncə, səhvlərimizi görüb düzəltdikcə çox irəli gedə biləcəyik”.
Gülər meydanda mövqe dəyişikliyindən də söz açıb. O, həm yarımmüdafiənin sağ cinahında, həm də mərkəzində yer almasına belə münasibət bildirib: "Klubumda ortada da oynayıram, cinahda da. Hər iki yerdə əlimdən gələni edirəm. Mənə narahatlıq yaratmır”.
Mehman SÜLEYMANOV