Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha 3 vəsiqənin sahibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Belçika ilə İtaliyadan sonra bu hüquqa Portuqaliya, İsveç, Bosniya və Herseqovina milliləri də sahib çıxıb.
Portuqaliya və İsveç elit-raundda 5-ci qrupu ilk 2 pillədə başa vurub. Portuqaliya bütün görüşlərini qələbə ilə başa vuraraq, 9 xalla qrup lideri, İsveç isə 6 xalla qrup ikincisi olub. Bundan başqa Bosniya və Herseqovina 3-cü qrupda 6 xalla 2-ci yeri tutub. Bu qrupda eyni xalla İtaliya qalib olub. Bosniya və Herseqovina yığması tarixində ilk dəfə 17 yaşadək futbolçular arasında Avropa çempionatında iştirak hüququna yiyələnib. İlk vəsiqənin sahibi Belçika isə 5 xalla 8-ci qrupun qalibi olub.
Beləliklə, təşkilatçı Azərbaycan millisi də olmaqla, Bakıdakı qitə birinciliyinin 16 iştirakçısından 6-sı müəyyənləşib. Qalan 10 vəsiqənin sahibi yaxın 2 həftə ərzində daha 5 qrupda təşkil olunacaq elit-raund qarşılaşmalarının ardından müəyyənləşəcək.
Qeyd edək ki, Avropa çempionatı 5 - 21 mayda Bakının 4 stadionunda təşkil olunacaq.








































































