Qazaxıstan milli komandasının qapıçısı David Loriya Azərbaycan yığması ilə qarşıdakı yoldaşlıq görüşünə ciddi sınaq kimi baxır. Sportnet.az-ın məlumatına görə, 5 illik fasilədən sonra milliyə qaylıdan təcrübəli qolkiper hər matça böyük önəm verməyi vacib sayır: "Bizi qarşıda Azərbaycan və Gürcüstanla ciddi matçlar gözləyir. Bizə fərqi yoxdur ki, bu, rəsmi oyundur, yoxsa yoldaşlıq görüşü. Yığmada hər oyunda bütün gücünü sonadək qoymaq lazımdır”.
Qazaxıstanın "İrtış” klubunun futbolçusu hazırda millidə qapıçılar arasında ən təcrübəlisidir. Qazax həmkarlarımızın yazdığına görə, Azərbaycanla oyun öncəsi hazırlıqda yüksək əhval-ruhiyyədə olan David zarafatından da qalmır, imkan düşdükcə komanda yoldaşlarını ruhlandırır. 35 yaşlı əlcək sahibi martın 26-da milli komandamızla oyunda qapını qorumağa hazır olsa da, buna məşqçilər korpusu, daha doğrusu, qapıçılarla işləyən Yuri Novikov qərar erəcək. O, Qazaxıstan futbol tarixində ən güclü qapıçılardan olub.