21 yaşadək futbolçulardan ibarət yığma komandalar (U-21) arasında 2017-ci il Avropa çempionatının seçmə mərhələsində VII qrupda oyun gününə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın U-21-nin səfərdə Rusiya ilə 2:2 hesablı bərabərliyə qaldığı qrupda ikinci matç Almaniyada keçirilib. Meydan sahibləri autsayder Farer adalarını qəbul edib.
Gözlənildiyi kimi, oyun almanların asan qələbəsi ilə nəticələnib - 4:1. Sadəcə, məsələ ondadır ki, Farer adaları cari seçmə mərhələdə ilk qolunu vura bilib və bunu qrup liderinin qapısından keçirib. Həmin qolun müəllifi 43-cü dəqiqədə hesabı bərabələrşdirən Boqason Dam olub. Nəticədə fasiləyə komandalar 1:1 hesabı ilə yollansalar da, meydan sahibləri ikinci hissədə 3 qol vurmaqla sensasiyaya imkan verməyiblər.
Bununla da almanlar 6 oyundan 18 xal toplamaqla yüzfaizli nəticəsini davam etdirir. Farer adalarının isə 5 oyundan sonra hələ də hesabında xal yoxdur. Autsayder 1 qolun qarşılığında 16-nı buraxıb. Azərbaycan qrupda növbəti matçını sentyabrın 6-da farerlilərlə keçirəcək ki, rəqib həmin vaxtadək Avstriyanın qonağı olacaq, ardından Finalndiya və Rusiya ilə ev oyunlarına çıxacaq.








































































