Danimarkanın İslandiyaya 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşündə qonaqların vurduğu qol tarixə düşüb. Sportnet.az-ın məlumatına görə, İsveçin "Norrçepinq” klubunun yarımmüdafiəçisi Arnor Traustason islandiyalıların 42 illik həsrətinə son qoyub.
Məsələ ondadır ki, bu ölkənin yığması Danimarka millisi ilə səfər matçında sonuncu qolunu 1974-cü ilin oktyabrın 9-da vurub. Həmin vaxt fərqlənən futbolçu Matias Xallqrimsson olub. Bundan sonra Danimarkada keçirilən 5 oyunda meydan sahibləri 14 cavabsız qolla qalib gəlib.
Bu dəfə Herninq şəhərindəki görüş də danimarkalıların qələbəsi ilə nəticələnib – 2:1. Maraqlıdır ki, İslandiya Danimarka ilə keçirdiyi oyunlarda hələ də qələbə üzünə həsrətdir – 4 heç-heçə, 19 məğlubiyyət, topların fərqi 14-73.
Qeyd edək ki, İslandiya yığması AVRO-2016-nın final mərhələsinə qrup lideri kimi çıxıb.