
"Lester" tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Sportnet.az-ın məlumatına görə, bu, az öncə başa çatan London derbisinin - "Çelsi" - "Tottenhem" matçının heç-heçə (2:2) nəticələnməsindən sonra müəyyənləşib.
"Lester"in ən yaxın izləyicisi olan "Tottenhem"in xal itirməsi rəqibini sona 2 tur qalmış çempion edib. Belə ki, liderlə 2-ci yerdə gedən komanda arasında artıq 7 xal fərqi var. Bu da hesabında 77 xal olan Kladuio Ranyerinin yetirmələrini əlçatmaz edib.
Qeyd edək ki, 1884-cü ildə yaradılan "Lester" bunadək birinci və ikinci divizionlarda çemponluq sevinci yaşamışdı. Komandanın əsas titulları 3 dəfə Futbol Liqası Kubokunu, 1 dəfə isə İngiltərə Superkubokunu qazanması olub.