Bu gün Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, qitə birinciliyinin final mərhələsində 16 komanda 4 qrupda mübarizə aparır.
İlk oyun günündə 2 qrupda 4 görüş keçirilib. A qrupunda yer alan Azərbaycan millisi Portuqaliya yığması ilə üz-üzə gəlib. Qarşılaşma Bakı Olimpiya Stadionunda Açılış Mərasiminin ardından oynanılıb. Polşalı baş hakim Bartoş Frankovskinin idarə etdiyi görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Qrupun digər oyununda Belçika "Bakcell Arena"da Şotlandiyanı məğlub edib - 2:0.
B qrupunda Avstriya - Bosniya və Herseqovina görüşü də eyni hesabla yekunlaşıb. Ukrayna - Almaniya matçında isə qalib müəyyənləşməyib - 2:2.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsindəki növbəti görüşünü mayın 8-də Belçika, mayın 11-də isə Şotlandiya yığmasına qarşı keçirəcək. Hər iki görüş "Bakcell Arena"da baş tutacaq.
Avropa çempionatı, I tur
A qrupu
19:00. Belçika - Şotlandiya - 2:0
Qol: Milan Korrin, 45. Lois Openda, 60
Baş hakim: Petr Kraloveç (Slovakiya)
"Bakcell Arena"
20:00. Azərbaycan - Portuqaliya - 0:5
Qol: Joze Qomeş, 4; 16. Elçin Əsədov, 24-öz qapısına. Migel Luiş, 44. Gerson Fernandeş, 76
Hakimlər: Bartoş Frankovski (Polşa), Balaj Buzad (Macarıstan), Vasili Ermisçin (Moldova), Sergeyus Sliva (Litva)
Bakı Olimpiya Stadionu
B qrupu
14:00. Avstriya - Bosniya və Herseqovina - 2:0
Qollar: Xristof Baumqartner, 18; 35
Baş hakim: Petr Ardelyanu (Çexiya)
"Bakcell Arena"
17:00. Ukrayna - Almaniya - 2:2
Qol: Denis Yanakov, 33. Sergey Buletsa, 67 - Yari Otto, 37. Sem Frensis Şrek, 74
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Bakı Olimpiya Stadionu
Avropa çempionatına mayın 21-də yekun vurulacaq.
Qeyd edək ki, reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finalda qarşılaşacaqlar. Bu mərhələnin oyunları 14-15 mayda keçiriləcək. Yarımfinala yüksələn komandalar mayın 18-də finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Həlledici qarşılaşma mayın 21-də Bakı Olimpiya Stadionunda keçiriləcək.