Türkiyənin "Bursaspor" klubunun futbolçu Dəniz Yılmaz Azərbaycan milli komandasında oynamaq təklifi alıb. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hücumçunun meneceri Erdem Karagöl bununla bağlı "Anadolu" Agentliyinə açıqlama verib.
Onun sözlərinə görə, ötən mövsümün qış fasiləsində "Trabzonspor"dan "Bursaspor"a keçən müştərisi aldığı təklifi nəzərdə keçirir: "Dəniz ötən mövsümün ikinci yarısında vurduğu qollar və göstərdiyi oyunla futbol ictimaiyyətinin diqqət mərkəzinə düşdü. Onun Türkiyə yığmasının heyətində AVRO-2016-ya yollanmaq variantı da vardı. Yılmaz ilkin heyətə çağırılacağını gözləsə də, kənarda qaldı və buna çox üzüldü. Dəniz Azərbaycan milli komandasında oynamaqla bağlı keçən həftə AFFA-dan təklif alıb. Açığı, o, bu təklifə təəccübləndi".
Karagöl Almaniyada anadan olan Dənizin daha əvvəl bu ölkənin və Türkiyənin millisində çıxış etməməsinə görə Azərbaycan yığmasına qatılmasında probleminin olmadığını bildirib: "Əslində Dəniz, "ay-ulduzlu" formanı geyinmək istəyirdi. Ancaq razı qaldığı təklifə müsbət baxır. Çox xoşbəxt oldu. Düşünmək üçün bir az vaxt istədi. Təklifi birgə dəyərləndiririk. Yılmaz hazırda "Bursaspor"un növbəti mövsümə hazırlığında iştirak edir. O, 3-4 günə qərarı verəcək. Ümid edirəm ki, sonda xeyirlisi olar".