AVRO-2016-nın final oyunu ərəfəsində Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə qəbul keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov futbol üzrə Avropa çempionatında UEFA-nın rəsmi tərəfdaşı olan SOCAR-ın ötən bir ay müddətində uğurla fəaliyyət göstərdiyini qeyd edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək, bunun rəhbərlik etdiyi qurumun ilk sponsorluğu olduğunu və şirkətin üzərinə düşən yükün öhdəsindən müvəffəqiyyətlə gəldiyini diqqətə çatdırıb. Bir ay əvvəl Fransanın finala çıxmasını arzuladığını və bu gün arzusunun reallaşdığını deyib. O, AVRO-2016-nın təşkilinə görə UEFA menecerlərinə, eləcə də Fransa hökumətinə təşəkkür edib. Futbol ailəsi üzvlərinin əl-ələ verib gələcəkdə də böyük yarışlar keçirəcəklərinə əminliyini bildirib.
Parisin 7-ci rayonunun meri Raşida Dati SOCAR-a sponsorluğuna və tərəfdaşlığına görə təşəkkürünü bildirib. Sonra Fransa Şəhər, Gənclər və İdman Nazirliyinin idman üzrə dövlət katibi Tyeri Brayar qeyd edib ki, o da SOCAR, FİFA və Fransa arasında olan münasibətlərin daha da dərinləşməsinə çalışır. T.Brayar bildirib ki, Fransa Avropa Kuboku yarışlarının ən yüksək səviyyədə təşkili, bütün oyun zonalarında təhlükəsizliyin təmin edilməsi və oyunların xoş təəssüratlarla yadda qalması üçün əlindən gələni edib.
Fransalı nazir "Bakı-2015” Avropa Oyunlarının çox yüksək səviyyədə təşkil edilməsinin şahidi olduğunu və ölkəmizin yeni beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəyə və iradəyə malik olduğunu vurğulayıb. Avropa Kuboku yarışlarını yüksək səviyyədə təşkil etməsinə görə Fransaya olan təbriklərə sevindiyini qeyd edib.
Sonda FİFA-nın prezidenti Canni İnfantino AVRO-2016-nın təşkilatçılarına və SOCAR-a tərəfdaşlığa görə təşəkkür edib. Bu axşam Parisdə Azərbaycan qonaqpərvərliyinin şahidlərini 2020-ci ildə ölkəmizdə keçiriləcək AVR0-2020 futbol yarışlarına və bu yarışlardan əvvəl də Bakıya gəlməyə dəvət edib. O, iştirakçıları əmin edib ki, onlar Bakıda özlərini Fransadakı kimi hiss edəcəklər.
Qeyd edək ki, tədbirdə əfsanəvi futbolçular Ruud Qullit və Kristian Vyeri də iştirak edib.
Mənbə: Azertag.az