"Qarabağ"ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasında Lüksemburqun "Düdelanj" klubu ilə II təsnifat mərhələsinin ilk oyunundan sonra brifinq keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, dubl edərək, komandasına qələbə qazandıran braziliyalı yarımmüdafiəçi əvvəlcə oyun barədə danışıb...
- Bilirdik ki, asan matç olmayacaq. Hər dəfə biz top itirəndə rəqibin qurduğu əks-hücumlardan başa düşürdük ki, qarşımızdakı təhlükəli komandadır. Ancaq hələ heç nə yekunlaşmayıb. Bizi çətin cavab oyunu gözləyir. Lüksemburqdakı matça eyni konsentrasiya və eyni diqqətlə hazırlaşacağıq.
- Erkən qollardan sonra hər kəs fərqin böyük olacağını düşünürdü. Ancaq sanki "Qarabağ” ikinci hissəni "yola verdi”...
- Biz istəyirdik ki, daha çox qol vuraq. Ancaq rəqib ikinci hissədə qapandı, müdafiəyə çəkildi. Ona görə də bizim üçün çətin oldu.
- İki qol vuraraq oyunun qəhrəmanı oldun...
- Qol sonda mənim ayağımdan gələ bilər. Ancaq bu, bütün komandanın birgə hazırlayıb vurduğu qoldur. Önəmli olan qələbədir.
- Zədən necədir?
- O qədər də ağır zədə deyil. Sabahdan etibarən daha yaxşı olacaq.
- Necə düşünürsünüz, bu hesab növbəti mərhələyə çıxmağa bəs edəcəkmi? Ümumiyyətlə, Cavab matçından nə gözləyirsiniz?
- Hesab edirəm ki, ikinci oyun birincidən daha çətin olacaq. Biz də buna uyğun hazırlaşacağıq.