"Qarabağ"ın direktoru Əmrah Çəlikəlin Sportnet.az-a müsahibəsi
- Bu gün UEFA nümayəndəsi Bakıda stadionlara baxış keçirdi. Avropa Liqasının qrup mərhələsində ilk turun "Slovan"la oyununu "Qarabağ"ın harada keçirəcəyinə qərar verildimi?
- Biz turnir müddətində ev oyunlarımızı keçirməklə bağlı UEFA-ya bir neçə variantımızı demişik. Ancaq gələn nümayəndə qərar vermək səlahiyyətində deyil. Biz "Dalğa Arena"nı, oyunların keçirilməsi mümkün olan bütün variantları göstərdik. Özümüzün görəcəyi işlərlə bağlı məlumat verdik.
- UEFA nümayəndəsi uzun müddətə icarəyə götürdüyünüz Tofiq Bəhramov adına Respublika stadionunda da olub...
- Bəli. UEFA-nın razılığı əldə olunmamış qəti bir söz demək olmaz. Gələn həftənin 1-ci və ya 2-ci günü cavab gəlməlidir ki, məsələyə aydınlıq gəlsin. Onda biləcəyik ki, nə məsləhət bilib, nə qərar veriblər. UEFA-nın qərarı ilə oyunu keçirəcəyimiz yeri biləcəyik.
- Belə çıxır ki, Bakı Olimpiya Stadionu variantı birdəfəlik gündəmdən düşüb...
- Ora bizim variantlarımıza daxil deyil.
- Bunun səbəbi nədir? Birmənalı fikir söylənilmir...
- Ancaq ot örtüyünün vəziyyəti ilə bağlıdır. Başqa nə ola bilər ki?
- Belə deyilir ki, arenanın tutumu çox böyük olduğundan, "Slovan"la oyunda oranı azarkeşlə doldurmaq mümkün olmayacaq. Ona görə də "Qarabağ" həmin matçı Bakı Olimpiya Stadionunda keçirməkdə maraqı deyil...
- Yox-yox. Bizim elə bir qorxumuz yoxdur. Bilirik ki, Olimpiya Stadionunda oynasaq, ora tam dolacaq. Ancaq indi bizim üçün əsas amil ot örtüyüdür.
- Bəs hazırda Respublika stadionunun qazonu necədir: UEFA nüməndəsində hansı təəssürat oyatdı?
- Bununla bağlı UEFA-ya bir təklifimiz oldu. Həftənin 1-ci günü bu haqda ətraflı məlumat verə biləcəyəm.
- Ot örtüyünün vəziyyəti düzəlirmi?
- Düzəlir. Qazonda bərpa işləri gedir.
- Belə demək olarmı ki, indiki vəziyyətdə "Slovan"la matçı "Dalğa Arena"da keçirməyi daha optimal sayırsınız?
- Yox. Əgər UEFA icazə versə, "Tofiq Bəhramov"da da oyun keçirilə bilər. Bunu o zaman biləcəyik ki, UEFA-nın mərkəzi ofisindən məlumat gəlsin.
Mehman Süleymanov