Azərbaycan futzal yığması dünya çempionatının final mərhələsində debütündə tarixi rekordunu təkrarlayıb. Sportnet.az-ın məlumatına görə, millimiz 2-ci dəfə 5 top fərqi ilə qalib gəlib. Sadəcə, bu dəfə həmin nəticə Avropa yox, mundialın həlledici mərhələsində qeydə alınıb. Söhbət bu gecə Kolumbiyada keçirilən turnirin ilk qrup oyununda Mərakeş yığması üzərində 6:0 hesablı qələbədir.
Millimiz Avropa çemionatının final mərhələsində ilk qələbəsini məhz 5 top fərqi ilə qazanıb. Bu, 2010-ci iin yanvarın 21-də Macarıstanda keçirilən yarışda Çexiya yığmasını 6:1 hesabı ilə məğlub etdiyi matçdır. Hər iki qələbəni braziliyalı baş məşqçilərimiz qazanıb - 6 il öncə Joze Alesio Da Silva, indisə Milton Luis Ziller Junior.
Millimiz tarixində ən yaxşı nəticəni məhz Macarıstandakı həmin turnirdə qazanıb. Bu, 4-cü yer olub. Özü də bürünc medal uğrunda məhz darmadağın etdiyimiz çexlərə uduzmuşuq - 3:5.
Futzal yığmamızın ən böpyükhesablı rəsmi qələbəsi isı ötən ilin martın 19-da Avropa çempionatının seçmə mərhələsində Danimarka yığması üzərində 11:2 hesabı ilə olub.
Xatırladaq ki, futzalçılarımız qrupda növbəti oyununu sentyabrın 16-da Bakı vaxtilə gecə saat 3-də qrupumuzun aşkar favoriti İspaniyaya qarşı keçirəcək.
Mehman Süleymanov