"İspaniya ilə matçın ilk hissəsində çox yaxşı oynadıq. Ancaq idman xoşbətliyi rəqibin tərəfində oldu". Bu fikirləri Sportnet.az-a açıqlamasında Azərbaycan futzal yığmasının oyunçusu Eduardo Mello Borges bildirib. Kolumbiyada keçirilən dünya çempionatının final mərhələsində çıxış edən yığmamızın milliləşdirilən braziliyalı legioneri İspaniya yığmasına 2:4 hesabı ilə uduzduqları matçda yaxşı təsir bağışladıqlarını söyləyib.
Eduardonun fikrincə, ispanlar nə qədər güclü olsalar da, bəxt də onların köməyinə çatıb: "Oyunda hesabı biz açdıq. Ancaq bundan sonra 2 dəfə öz oyunçumuzun ayağından qapımızdan keçdi. İspanların yerinə yetirdiyi cərimə zərbəsindən sonra istiqamətini dəyişən top torumuza daxil oldu. Məncə, rəqib hər 4 qolunu eyni cür vurdu".
Futzalçımız ehtiyatda az oyunçuların olması üzündən yorğunluğunu olduğunu bildiirb: "Bu, normal şeydir. Hər halda, güclü rəqibə qarşı taktiki, texniki cəhətdən çox yaxşı oynadıq və məğlubiyyətə layiq deyildik. İkinci hissədə qol imkanlarımız olsa da, bundan istifadə edə bilmədik. Üç əla imkanımız olsa da, yararlanmadıq. Rəqib İspaniya, Braziliya kimi dünyada ən güclü yığmalar olanda, qol vəziyyətlərindən istifadə etməlisən".
Yığmamız qrup son matçını sentyabrın 19-da İran yığması ilə keçirəcək. Qrupdan 2-ci yerlə çıxmaq üçün bu oyunda bizə heç-heçə də yetərlidir. Mello Borges rəqibi belə dəyərləndirib: "Çətin oyun olacaq. İran güclü, rahat olmayan rəqibdir. Asiya çempionatının qalibi olub. Dünya çempionatında yarımfinaladək irəliləyib. Dördüncü final mərhələləridir. Ancaq bizim də yaxşı komandamız var. Qrupda mübarizəni 2-ci yerdə bitirmə üçün 100 yox, 150 faiz şansımız var. Futzalda 3 nəticə olur - qələbə, heç-heçə və məğlubiyyət. Nəticə qarşılaşmadan sonra bilinir. Ancaq bunadək hər 3 nəticə mümkündür. Allahın köməyi ilə qələbə bizim olar".