"Qəbələ” 127 gündən sonra doğma məkanda oyun keçirib. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun komandasının cari mövsümdə ilk matçı Azərbaycan Premyer Liqasının V turunda AZAL-a 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşma olub.
Maraqlıdır ki, "Qəbələ”nin doğma azarkeşləri qarşısında bunadək sonuncu matçında da rəqibi məhz AZAL olub. Bu, ötən çempionatda Qəbələdə son ev oyunu idi. Mayın 15-də keçirilən həmin matçda "qırmızı-qaralar” yarımmüdafiəçisi Asif Məmmədovun qolu və rəqib müdafiəçi Kamil Hüseynovun avtoqolu ilə 2:0 hesablı qələbə qazanmışdı. Bu dəfə komandanı kapitan kimi meydana çıxaran Məmmədov özü fərqlənməsə də, oyundaşları 3 dəfə buna nail olublar. Həmin üçlükdən son transfer, millimizin hücumçusu Ruslan Qurbanov ötən mövsüm "Neftçi"nin heyətində Qəbələdə yerli azarkeşləri məyus edirdisə, bu dəfə artıq onların futbolçusu kimi sevindirib.
"Qəbələ” ötən çempionatda öz stadionunda cəmi 1 böyükhesablı qələbə qazanmışdı. Bu, 2015-ci ilin oktyabrın 4-də "Xəzər Lənkəran” üzərində 6:0 hesabı ilə qalib gəldiyi məşhur matçdır. "Qırmızı-qaralar” bundan 351 gün sonra Qəbələdə böyükhesablı qələbəyə seviniblər.
Düzdür, bu müddətdə evdə ən azı 3 top fərqli qələbələr olub. Bu, ötən mövsüm Azərbaycan Kubokunun 1/4 final mərhələsində - bu ilin martın 9-da "Zirə”ni 5:1 hesabı ilə məğlub etdiyi matçdır.
"Qəbələ” bu yay Avropa Liqasında da evdə darmadağına imza atıb. Ancaq bu, Bakıda "Bakcell Arena”da olub. "Qırmızı-qaralar” cari mövsümə iyunun 30-da Gürüstanın vitse-çempionu "Samtredia”nı 5:1 hesabı ilə məğlub etməklə başlayıb.