"Kəpəz"in legioneri Dario Federiko Azərbaycan Premyer Liqasında bu gün "Neftçi"yə 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra brifinq keçirib. Braziliyalı yarımmüdafiəçi Sportnet.az-ın oyunda olan əməkdaşının da suallarını cavablandırıb.
- Oyunun qırılma nöqtəsini ilk hissədə qaçırdığın qol imkanını sayırsanmı?
- Yox. Komandamız oyuna yaxşı köklənməmişdi. Bun görə tez qol buraxdı və özünə gələ bilmədi. Buna görə də məğlub olduq.
- "Kəpəz"in son vaxtlar "Neftçi" ilə oyunları maraqlı, prinsipial alınır. Ancaq bu dəfə əksi oldu...
- Dediyiniz həqiqətdir. Bu gün də maraqlı oyun alınması üçün əlimizdən gələni etdik. Sadəcə, oyunumuz alınmadı.
- "Neftçi"yə sizdən və autsayder AZAL-dan başqa demək olar heç kim məğlub olmadı. Bu nəticəyə görə nə qədər məyussunuz?
- Premyer Liqada 8 komanda var. Rəqabət güclüdür. Səviyyəli komandalar çoxdur. Həmişə qələbə qazanmaq olmur. Bu gün bəxt "Neftçi"nin tərəfində idi. Qol vurub, hesabda irəli keçdilər. Sonda daha bir dəfə fərqləndilər və qalib gəldilər. Buna görə "Neftçi"ni təbrik etmək istəyirəm.
- Buraxdığınız ikinci qolu necə şərh edərdin?
- Bu, futbolda normal bir şeydir. Sadəcə, bütün komanda irəli atılmışdı ki, heç olmasa, bərabərlik qolunu vuraq, matçdan 1 xalla ayrılaq. Hamı hücumda olanda rəqib təkbətək çıxır və qapıçı bu zaman qərar verməlidir ki, irəli çıxsın. ya yox. O da hücumçunun üstünə çıxmağa qərar verdi və nəticədə qapımızda top gördük.
- Bunda qapıçınızın səhvi vardı?
- Yox. Sadəcə, bir qapıçı kimi belə qərar verdi. Biz əks-hücumda qol buraxdıq.