"Nefçi"nin rumıniyalı futbolçusu Katalin Tira Premyer Liqada "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra müsahibə verib. Komandasında qol hesabını açan hücumçu Sportnet.az-ın oyunda olan əməkdaşının da suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsən?
- Biz xoşbəxtik. Çünki qələbə qazana bildik. Nəhayət, uğursuzluq zolağına son qoyduq. Ümid edirik ki, belə də davam edəcəyik.
- Bu qələbəni uğurlu seriyanın başlanğıcı saymaq olar?
- Mən əminəm ki, bu qələbə bizə daha yaxşı oyunlar bəxş edəcək, daha yaxşı nəticələrimiz olacaq. Keçən oyunlardakı kimi uduzmayacağıq.
- Çempionatda uzunmüddətli fasilə yaranır. Bu, komandaya necə təsir edəcək?
- Təbii ki, bu fasilə bizim üçün çox vacibdir. Çünki yeni baş məşqçimiz, yeni oyun fəlsəfəmiz var. Biz buna artıq öyrəşməliyik. Bu fasilədən özümüzə xeyir götürəcəyik.
- "Neftçi"də ilk qolun idi. Bu haqda nə deyə bilərsən? İndiyədək fərqlənməyinə nə çatmırdı?
- Hər şey məndən asılı deyil. Çünki futbol kollektiv oyundur. Onu deyə bilərəm ki, oyunlarda fərqlənsəydim, ancaq komandamız uduzsaydı, xoşbəxt olmazdım. Bu gün qol vurmasaydım, ancaq komandamız qalib gəlsəydi, sevinərdim.
- Hər şey səndən asılı deyilsə, deməli, komanda yoldaşların səni hücumda topla təmin etmirdilər...
- Mən heç kimi günahlandırmazdım. Çünki eyni məqsədimiz var. Bu da qələbə qazanmaqdır. Hər bir futbolçu qol vurmaq istəyir və hamının üzərinə düşən vəzifə var. Hər şey komanda yoldaşlarımdan asılı deyildi. Sadəcə, çox çətin matçlarımız var idi. Xoşbəxtəm ki, bu gün qalib gəldik.
- Qol vurandan sonra baş məşqçiniz Elxan Abdullayevə tərəf qaçdın və onu qucaqladın. Səbəb nə idi?
- Bəli, bunun xüsusi bir səbəbi var. Ancaq bunu sizə deməyəcəyəm. Çünki bu, bizim aramızda olan bir şeydir.
- Deməli, səbəb o idi ki, baş məşqçiyə qol söz vermişdin...
- O, mənə özüməinamı qaytardı. Mən də ona qol vurmaq üçün hər şey edəcəyimi dedim.