"Ardıcıl məğlubiyyətlərdən sonra komanda özünə gələ bilmirdi. Bizə belə bir qələbə lazım idi ki, özünəinam yaransın. İnanıram ki, bugünkü qalibiyyət növbəti uğurlarımıza kömək olacaq".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin braziliyalı futbolçusu Jayro Rodriges Azərbaycan Premyer Liqasında "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında bildirib. Onun sözlərinə görə, komandası hər zaman meydana yalnız qələbə üçün çıxıb: "Bu gün də aqressiv oyun göstərdik. Meydanın hər qarışı uğrunda mübarizə apardıq. Sevinirəm ki, bunun nəticəsini görərək qalib gəldik".
Jayro çempionatda yaranan fasilənin komandasının yalnız xeyrinə olacağını söyləyib: "Yeni baş məşqçimiz istədiyi kimi məşq keçə bilməyib. Çünki ardıcıl matçlarımız olub. İnanıram ki, yaranmış fasilədən faydalı yararlanacaq, növbəti qarşılaşmalarda daha gözəl oyun nümayiş etdirəcəyik. Əlbəttə, Elxan Abdullayevin millidə də fəaliyyət göstərdiyini bilirəm. Özü olmasa da, köməkçiləri eyni cür məşqləri davam etdirəcək. Fasilədən maksimum yararlanıb növbəti qələbələri azarkeşlərimizə bəxş etməyə çalışacağıq. Bu qələbə irəliyə doğru bir addım oldu".
Braziliyalı oyunçu hazırki baş məşqçinin işinə də qiymət verib: "Deməzdim ki, onun baxımından böyük dəyişikliklər olub. Çünki eyni futbolçular, eyni komanda oynayır. Sadəcə, yeni baş məşqçimiz özümüzə inamı qaytardı. O, hər dəfə çalışır ki, buna nail olaq. Çünki komandamızda özünəinam itmişdi. O, beynimizə yeridir ki, çıxın, siz güclüsünüz. Məşqlərdə artım var. Fərqli məşqlər keçirik. Dəyişiklik bu cürdür".
Legioner qələbənin müqabilində veriləcək mükafatla bağlı sualı belə cavablandırıb: "Bunu bilmirik. Biz futbolçuyuq, çıxıb meydanda oyunumuzu göstəririk. Rəhbərliyin bizə mükafat verib-verməyəcəyi haqda heç bir məlumatım yoxdur. Ona görə sizə bir şey deyə bilmərəm. Biz klubun şərəfini qoruyuruq. Elə şeylər var ki, onu pulla əldə etmək olmur. Bu gün qazandığımız qələbənin dadını pulla çıxarmaq olmazdı. Çalışacağıq ki, qələbənin dadını çıxaraq, sonra növbəti oyunları fikirləşək".