Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu gün "Boavişta"nın heyətində Portuqaliya çempionatının növbəti oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı qolkiper VII tur matçında "Moreyrense" ilə ev qarşılaşmasında forma geyinib.
Baş məşqçi Ervin Sançes onu start heyətə daxil edib. Bu, Ağayevin "Boavişta"da ikinci rəsmi matçı olub. İlk görüşündə təcrübəli qapıçı "Portu"ya 1:3 hesablı məğlubiyyət acısı dadıb. Üstəlik, o, rəqibin 3-cü qolu zamanı kobud səhvə yol verərək, topu əlindən buraxıb.
Bu səhvindən sonra çoxları baş məşqçinin Ağayevə bir daha şans verməyəcəyini düşünürdü. Amma Sançes bir səhvə görə qapıçını günahlandırmağı düzgün saymayıb və "çərçivə"ni yenə ona həvalə edib. Boliviyalı mütəxəssis seçimində yanılmayıb və Kamran onun etimadını doğruldub. 26-cı dəqiqədə qonaqların futbolçusu Robertu Ağayevlə penalti duelindən məğlub ayrılıb. Qapıçı onun zərbəsini qaytarıb. "Boavişta" bundan 4 dəqiqə sonra hesabı açıb və ikinci hissədə daha bir qol vuraraq 2:0 hesabı ilə qalib gəlib. Bu, Ağayevin "Boavişta"da ilk qələbəsi olub.
Azərbaycan millisinin digər üzvü Emin Mahmudov isə yenə 18 nəfərlik heyətdən kənarda qalıb.
Qeyd edək ki, hazırda "Boavişta" 8 xalla 13-cü pillədə qərarlaşıb.
Portuqaliya çempionatı, VII tur
21:00. "Boavişta" - "Moreyrense" - 2:0
Qollar: Roça Lukas, 30, İdrissa Mandyanq, 86