Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində qarşıdakı rəsmi oyunlar üçün heyəti açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Robert Prosineçkinin dəvət göndərdiyi 23 futbolçunun heç də hamısı öz klublarının heyətində ölkə çempionatında daim meydana çıxmır. Bunu onların sentyabrın 4-də San Marino yığması ilə səfər oyunundan sonra daxili yarışlarda keçirdiyi oyunların statistikası ilə tanış olarkən görmək mümkündür.
Əvvəla, qeyd edək ki, "Qarabağ"la "Qəbələ"nin futbolçuları bu müddətdə Avropa Liqasının qrup mərhələsində də 2 oyun keçiriblər. Onlardan "qırmızı-qaralar"ın hücumçusu Ruslan Qurbanov qol vurmağı da bacarıb. Ümumiyyətlə, 25 yaşlı bu futbolçu üçün son 1 ay uğurlu alınıb. San Marino yığması ilə oyunda qələbə topunun müəllifi olan Qurbanov "Qəbələ"də debütündə keçdiyi "Neftçi"yə 2 qol vurub. Ruslanın bundan sonra AZAL-a da qol vurduğunu nəzərə alsaq, milli üzvləri arasında bombardirdir.
Ümumiyyətlə, hücum xəttində vəziyyəti yaxşı saymaq olar. "İnter"in ön xətt oyunçuları Rauf Əliyevlə Ağabala Ramazanov da bu 1 ayda daim əsas heyətdə meydana çıxaraq hərəyə 3 dəfə fərqləniblər. Raufun məhsuldarlığı onun uzun fasilədən sonra ilk dəfə Prosineçkinin dəvətini qazanması ilə nəticələnib. Ancaq digər 2 hücumçunun oyun praktikası ilə bağlı ciddi problem var. Namiq Ələsgərov "Qarabağ"da son 1 ayda çempionatda cəmi 1 dəfə oynayıb, onda da son 33 dəqiqədə. Ramil Şeydayev isə hələ də Türkiyə Super Liqasında nəinki debüt etməyib, adı matçın protokoluna da daxil edilməyib. Hərçənd, 21 yaşlı hücumçu bu müddətdə "Trabzonspor"da debütünü Türkiyə Kubokunda sonradan meydana çıxaraq qol vurmaqla qeyd edib.
Azərbaycandan kənarda çıxış edən milli üzvlərindən Emin Mahmudov da yeni klubunda debüt etməyib. Ondan sonra "Boavişta"ya keçən qapıçı Kamran Ağayev isə 2 oyun keçirməyə imkan tapıb. Millimizin "1 nömrə"si debütündə buraxdığı kobud səhvlə antiqəhrəman olubsa, sonrakı matçda penalti qaytarmaqla komandasının qələbəsinə böyük töhfə verib və matçın qəhrəmanlarından olub.
Millimizin əsas oyun qurucusu olan Dmitri Nazarov da matç praktikası sarıdan korluq çəkir. O, II Bundesliqada 1 ayda 2 oyun keçirib və cəmi 118 dəqiqə meydanda olub. İkinci liqada oynayan digər yarımmüdafiəçi Eddi İsrafilov isə daim əsas heyətdə yer alsa da, əksər vaxt əvəzlənib. Özü də İsrafilov İspaniyada təkcə sarı yox, birbaşa qırmızı vərəqə almağa da imkan tapıb. Ukrayna Premyer Liqası klubunda əsas heyətdə çıxış edən müdafiəçi Pavel Paşayev isə ardıcıl 3 oyunda sarı vərəqə aldıqdan sonra cəzalı duruma düşərək son turu buraxmalı olub.
Yığmamızın müdafiə xətti qayğılanmağa əsas verir. Çünki hələ San Marino ilə oyunu zədə üzündən buraxmalı olan Bədavi Hüseynov yalnız ötən həftəsonu qayıdıb və 1 oyun keçirib. Onun klubda və millidə komanda yoldaşı olan, müdafiənin mərkəzində birgə çıxış etdiyi Rəşad Sadıqov isə 1 ayda 2 matç keçirib və hazırda zədəlidir. Prosineçki kapitanı çağırsa da, o, müalicəsini davam etdirir. Hüseynov kimi San Marinoya zədə üzündən yollanmayan Ruslan Abışov sağalandan sonra ilk vaxtlar ikinci hissədə meydana çıxsa da, sonradan 90 dəqiqə oynayıb. Qapıçılara gəlincə, Səlahət Ağayevlə Anar Nəzirov öz klublarında Premyer Liqada bütün 4 oyunu əvəzolunmadan keçiriblər. Onların hər matçda qol buraxmaları da diqqət çəkir.
Ruslan Qurbanov millinin son 1 ayda ən məhsuldar oyunçusudursa, İsrafilov çempionatda ən çox oyun keçirən, ən çox meydanda olan və eyni zamanda yeganə qırmızı vərəqə alan futbolçudur.
Millimizin Norveç və Çexiya ilə oyunlarına çağırılan futbolçuları son 1 ayda çempionatda göstəriciləri:
1. Kamran Ağayev (2 oyun, 180 dəqiqə, (-3) |
Qapıçı - Boavişta (Portuqaliya) |
2. Anar Nəzirov (4 oyun, 360 dəq, (-7) |
Qapıçı - Zirə FK |
3. Səlahət Ağayev (4 oyun, 360 dəqiqə, (-1) |
Qapıçı - İnter |
4. Tərlan Quliyev (4 oyun, 346 dəqiqə) |
Müdafiəçi - İnter |
5. Maksim Medvedev (2 oyun, 171 dəqiqə, 2 sarı) |
Müdafiəçi - Qarabağ |
6. Bədavi Hüseynov (1 oyun, 90 dəqiqə) |
Müdafiəçi - Qarabağ |
7. Rəşad Sadıqov (2 oyun, 159 dəqiqə) |
Müdafiəçi - Qarabağ |
8. Pavel Paşayev (3 oyun, 270 dəqiqə, 3 sarı ) |
Müdafiəçi - Stal (Ukrayna) |
9. Məhəmməd Mirzəbəyov (4 oyun, 337 dəqiqə) |
Müdafiəçi - Qəbələ |
10. Arif Daşdəmirov (3 oyun, 270 dəqiqə) |
Müdafiəçi - Qarabağ |
11. Ruslan Abışov (4 oyun, 209 dəqiqə) |
Yarımmüdafiəçi - İnter |
12. Rahid Əmirquliyev (2 oyun, 103 dəqiqə) |
Yarımmüdafiəçi - Qarabağ |
13. Qara Qarayev (3 oyun, 201 dəqiqə) |
Yarımmüdafiəçi - Qarabağ |
14. Dmitri Nazarov (2 oyun, 118 dəqiqə) |
Yarımmüdafiəçi - Erzgedirge Aue (Almaniya) |
15. Rəhman Hacıyev (4 oyun, 289 dəqiqə) |
Yarımmüdafiəçi - Neftçi |
16. Araz Abdullayev (4 oyun, 354 dəqiqə, 1 qol, 1 sarı) |
Yarımmüdafiəçi - Neftçi |
17. Eddi İsrafilov (5 oyun, 367 dəqiqə, 1 sarı, 1 qırmızı) |
Yarımmüdafiəçi - Kadiz (İspaniya) |
18. Emin Mahmudov |
Yarımmüdafiəçi - Boavişta(Portuqaliya) |
19. Ağabala Ramazanov (4 oyun, 332 dəqiqə, 3 qol, 1 sarı vərəqə) |
Hücumçu - İnter |
20. Ruslan Qurbanov (4 oyun, 216 dəqiqə, 3 qol) |
Hücumçu - Qəbələ |
21. Namiq Ələsgərov (1 oyun, 33 dəqiqə) |
Hücumçu - Qarabağ |
22. Ramil Şeydayev |
Hücumçu - Trabzonspor (Türkiyə) |
23. Rauf Əliyev (4 oyun, 354 dəqiqə, 3 qol, 1 sarı) |
Hücumçu - İnter |
Mehman SÜLEYMANOV