"Neftçi"də daha 2 legioner qol hesabını açıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının son turunda "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri ev matçında rəqib qapısna yol tapan əcnəbi hücumçular - rumıniyalı Katalin Tira ilə braziliyalı Junior Pereyra Denilson ilk dəfə qol vurublar. Onlar debüt mövsümlərini keçirdikləri Premyer Liqamızda fərqlənən legionerlər sırasında yer alblar.
Denilson 1992-ci ildən keçirilən milli çempionatımızda oynayan 100-cü braziliyalı kimi tarixə düşüb. Onun digər göstəricisi də yubileydir. Belə ki, Junior Pereyra "Neftçi"nin heyətində Premyer Liqamızda qol vuran 10-cu "sambaçı"dır. Onun həmyerliləri arasında ən məhsuldar elə ümumi legionerlər arasında seçilən sabiq kapitanı Flavio Aleksio Valensiyadır. Flavinyo kimi tanınan yarımmüdafiəçi 31 qol vurub. Denis Silva 6, Karlos Kardoso 4, Aylton Silva ilə Rodriqo Sezar Kabral hərəyə 3, Bruno Bertuççi ilə Filyo Jayro Rodriges hərəyə 2, Joze Karlosla Kaue Da Silva hərəyə 1 dəfə fərqləniblər. Alessandro Viana Da Silva ilə millimizin sabiq üzvü Markus Fereyra buna nail ola bilməyiblər. Denison milli çempionatımızda qol hesabını açan 64-cü braziliyalı olub.
Tiranın isə Azərbayan Premyer Liqasında qol vuran 20-ci rumıniyalı olduğunu nəzərə alsaq, o da yubilyardır. "Neftçi"də bunadək oynayan cəmi 3 rumıniyalı - Adrian Neaqa, Marius Aliuta və Leonard Naydin bir vaxtda çıxış edərək fərqləniblər. Onlardan çox qolunu penaltidən vuran Neaqa 16 dəfə rəqib qapısına yol tapıb. Aliuta ilə Naydinin hesabında müvafiq olaraq 5 və 1 qol var.
Xatırladaq ki, Tira ilə Denilson "Neftçi"nin cari mövsümdəki legionerləri arasında ən gənclərdir. 1995-ci il təvəllüdlü Junior Pereyra Katalindən də 1 yaş kiçikdir.
Mehman SÜLEYMANOV