AFFA-nın Klublar Komitəsinin sədri Fikrət Hüseynovun Sportnet.az-a müsahibəsi
- Klublar Komitəsinin sabahkı iclasında hansı məsələlər müzakirə olunacaq?
- Sabah saat 11:00-da həmişəki məkanda - "Boulevard Hotel"də bir araya gələcəyik. Bütün klublar iclasda iştirak edəcəklərini təsdiqləyib. Hansı nümayəndələri ilə iştirak etmələri artıq özlərinə aid daxili məsələdir. Klub prezidenti də gələ bilər, vitse-prezidenti də, icraçı-direktoru da. Yəni əvvəlki iclaslarda olduğu kimi. Gündəlikdəki ilk məsələ lisenziyalaşma ilə bağlıdır. Bu məqsədlə AFFA-nın Lisenziyalaşdırma Qrupununun rəhbəri Elçin Məmmədov toplantımızda iştirak edəcək. O, proseslə, yeniliklərlə bağlı məlumat verəcək. "Qəbələ"nin U-19 Liqası ilə bağlı təklifi var. Onlar bununla bağlı çıxış edəcəklər. Legioner limiti ilə bağlı söhbətin olması mümkündür. Bu da limitin "6+5"dən 7+4"dək artırılması ilə bağlıdır. Premyer Liqanın Əsasnamədə komandaların güclülər dəstəsindən çıxması, birinci diviziondan gəlməyi ilə bağlı məsələ ətrafında söhbət edəcəyik. Görək AFFA İcraiyyə Komitəsinə hansı məsələləri çıxarda bilərik.
- Son məsələni aydınlaşdırardınız. Bir az qaranlıq qaldı...
- Qaranlıq deyəndə ki, hələ biz də bu məsələnin üzərində yüzdəyüz işləməmişik. Sabah birinci mövzumuz onun üzərində işləmək olacaq. Nəticəni yığıncaqdan sonra açıqlayacağıq.
- Legioner limitinin dəyişdirilməsi son vaxtlar daim gündəmdə olsa da, yekun qərar olmur...
- Biz yenə də İcraiyyə Komitəsinə təkliflərimizi verəcəyik. Bildiyiniz kimi, bizim komitə tövsiyə verən qurumdur. Əlbəttə, AZAL, "Sumqayıt" kimi komandaların legionerləri az olduğundan, əsasən yerli futbolçularla oynayır. Ancaq "Qəbələ", "Qarabağ" kimi legionerləri çox olan klublarımız milli çempionatda meydana 6 əcnəbi futbolçu buraxmalı olur, 3-4 gündən sonra isə bu heyəti Avroliqada oynada bilmirlər. Həmin turnirdə 10 legionerlə oynamaq istəyirlər. Ona görə 1-2 tur matçlarını təxirə salmalı olurlar. 7 legioner, "7+4" limiti Premyer Liqa üçün optimal variantdır. Ona görə sabah bütün bu məsələlərin hamısını müzakirə edəcəyik.
- Hərçənd, legioner limtinin artırılması vitse-prezidenti olduğunuz AZAL klubunun maraqlarına uyğun gəlmir...
- Elədir. Əsas Azərbaycan futbolunun mənafeyidir. Ancaq ola bilər ki, sabah AZAL-da, "Sumqayıt"da da legionerlər çox olsun. İndi müvəqqəti bir çətinlikdir. Mənə elə gəlir ki, bunlar da keçəcək.
- "Qəbələ"nin konkret hansı təklifi var?
- Ümumi U-19 Liqası ilə bağlıdır. Təkliflərə hakimlik və digər məsələlər daxildir. Onlar bu çempionat haqda fikirlərini açıqlayacaqlar. Biz səhər gündəliklə bir daha tanış olacağıq. "Qəbələ" klubunun rəhbərliyi də öz təklifləri ilə çıxış edəcək.
- Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin yığıncağınızda iştirakı nəzərdə tutulub?
- Sabahkı toplantımızda yox.
- Musayev sabah saat 12:00-da AFFA-da Azərbaycan Kubokunun püşkatmasında iştirak etməlidir. Komitənizin yığıncağının bu tədbirlə demək olar eyni vaxta salınması nə dərəcədə planlarınıza uyğun gəlir?
- Bizim toplantıya qatılanlar püşkatmada iştirak etməyəcəklər. Klublarımızın menecerləri var, onlar bu işlərlə məşğul olurlar.
- Kubokun püşkü həmin gün olduğuna görə iclasınızı da sabah təyin etməklə bağlı tərədüdd etmədiniz ki?
- Yox. Bütün klublar sabahı istədilər, həmin günə razılıq verdilər. Bz də ona görə bu tarixi seçdik.
- Bu 2 tədbir arasında 1 saat fərq olduğundan, mətbuat nümayəndələri iki yol arasında qalacaq. Hər halda, medianı da nəzərə almalı idiniz...
- Düzdür, mətbuat iki yol arasında qalacaq. Görək də, gələcəkdə nəzərə alarıq.