DÇ-2018-in seçmə mərhələsində sabah Çexiya ilə qarşılaşacaq Azərbaycan millisinin yarımmüdafiəçisi Rahid Əmirquliyev oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli futbolçu ilk olaraq qarşıdakı matç haqda düşüncələrini bölüşüb.
- Çexiya barədə çox danışmağa ehtiyac yoxdur. Bu komandanı hamı tanıyır. Bizi ağır oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni əldə edək.
- Rəqib baş məşqçi oyunöncəsi mətbuat konfransında Prosineçkini yalnız futbolçu kimi tanıdığını dedi. Oyununuzla Prosineçkini ona məşqçi kimi də tanıtmağa hazırsız?
- İnanmıram ki, Prosineçkini məqşçi kimi tanımasın. Bu, gülməli gəlir. Əgər elədirsə, onlara baş məşqçimizi tanıtdıracağıq. Sabah meydanda oyunumuzla özümüzü sübut edəcəyik.
- Sabahkı oyunda qələbə qazansaz, özünüzü qrupdakı yerinizi təmin etmiş sayacaqsız?
- İlk iki oyundan 6 xal qazanmışıq. Bura da yaxşı nəticə əldə etmək üçün gəlmişik. Çalışacağıq, yaxşı nəticə əldə edib, qrupdakı mövqeyimizi saxlayaq.