"Qarabağ"ın futbolçusu İlqar Qurbanov Azərbaycan Premyer Liqasının ikinci dövrəsinin startında "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri ev matçından sonra müsahibə verib. Oyunda baxımlı qol müəllifi olan təcrübəli müdafiəçi Sportnet.az-ın oyunda olan əməkdaşının da suallarını cavablandırıb
- Qalib gəldiyiniz qarşılaşma haqda nə deyə bilərsən?
- Vacib olan qələbə qazanmaq idi. Çünki ötən tur Qəbələdəki oyunda 3 xal itirmişdik. "Qəbələ” bizi 6 xala qabaqladığından fərqin artmasını istəmirdik. Meydana bu məqsədlə çıxmışdıq. Komanda şəklində çox yaxşı oynadıq. İlk qolun vurulması bir az vaxt aldı. Halbuki, şanslarımız vardı, sadəcə, bundan istifadə edə bilmirdik. Qolu vurduqdan sonra daha rahat oynadıq. Bu gün məqsəd komanda şəklində oynayıb qalib gəlmək idi.
- Qolun gec vurulması əsəb yaradırdımı?
- Bəli. Bu, bizdə istər-istəməz əsəb yaradırdı. Çünki rəqib bizə qarşı qapalı oynadı. Belə olan halda, müdafiəni yarmaq çətin olurdu. Nəticədə qolu da gec vurduq. Əsas odur ki, öz oyun üslubumuzdan çıxmırdıq. İmkan düşdükcə, qol vurmağa çalışırdıq. Gec olsa da, məqsədimizə çatdıq. Önəmli olan 3 xalı qazanmağımız idi. Bütün komanda yoldaşlarımı təbrik edirəm.
- "Qəbələ”nin "İnter”lə oyunda xal itirməsi oyununuza əlavə təsir göstərdimi?
- "Qəbələ” xal itirdi?
- Xəbərin yox idi?
- Yox. Açığı, bunu bilmirdim.
- Vurduğunuz qol baxımlı alındı. Həmin anı necə təsvir edə bilərdin? Özünüzə inam hiss edirdinizmi?
- Mənim üçün hücuma qoşulmaq rahatdır. Həmin anda hiss etdim ki, Arif Daşdərimov topa arxa dirəyə göndərəcək və qol vura biləcəyəm. Topa yaxşı toxundum və demək olar baxımlı qola imza atdım.
- PAOK-la oyunöncəsi komandanın özünə gəldiyini düşünmək olarmı?
- Əlbəttə, hər qələbədən sonra əhval-ruhiyyə yüksəlir. Bugünkü qələbə də istisna deyil. İnşallaah, oktyabrın 20-da PAOK-a qarşı da belə mübarizə aparsaq, yaxşı nəticə qazanacağıq.
- Həmin oyunda özünü əsas heyətdə meydanda çıxmağa hazır sayırsanmı?
- Bu, baş məşqçinin qərarıdır. Şans verəcəyi halda bunu dəyərləndirirəm. Birinci və ya ikinci hissədə oynamağımın fərqi yoxdur. Yetər ki, baş məşqçimizin mənə güvəni olsun.
- PAOK-u təhlil etmisinizmi?
- Hələ ki yox. Çünki "Sumqayıt"la oyunu düşünürdük.