
"Qarabağ" cari mövsümdə ilk dəfə "Azərsun Arena"da oynayıb. Sportnet.az-ın məlumatına görə, Ağdam klubu doğma stadionuna 148 gündən sonra qayıdışını böyükhesablı qəlbə ilə qeyd edib. Bu, VIII turda "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub etdiyi matçdır.
Maraqlıdır ki, Premyer Liqamızda son 3 mövsümün qalibinin Suraxanıda sonuncu qələbəsini də məhz bu hesabla olmuşdu. Bu, mayın 20-da AZAL-la oyun idi. Komandanın ispaniyalı yarımmüdafiəçisi Miger Madera həmin matçın ilk hissəsində də fərqlənmişdi. "Qarabağ" axırıncı turun həmin qarşılaşmasından sonra növbəti qızıl medallarına qovuşmuşdu.
Cari çempionatda 2 turluq, Avropa Liqasını da nəzərə alsaq 3 oyunluq, ümumilikdə 26 günlük fasilədən sonra meydanı qalib tərk edən Ağdam təmsilçisi 3-cü böyükhesablı qələbəsini qazanmaqla bu göstəricidə yeni lider olub.
"Qarabağ" "Sumqayıt"ı ardıcıl 4-cü oyunda qol buraxmadan yenib. Qurban Qurbanovun komandası rəqibini çempionatda 18-ci qarşılaşmada 6-cı dəfə ən azı 3 top fərqi ilə yenib. Özü də bunlardan çoxu - 4-ü məhz 3:0 hesabı ilə olub. Ancaq "Azərsun Arena"da böyükhesablı qələbə ilk dəfə qeyd olunub.
Mehman SÜLEYMANOV