Fərhad Vəliyev: "Hələ yaxşı qurtardıq"
"Sumqayıt”ın qapıçısı Fərhad Vəliyevin Sportnet.az-a müsahibəsi
- Premyer Liqanın son turunda sənə doğma olan "Azərsun Arena”ya qayıtdın. Ancaq bu dəfə "Qarabağ”a rəqib kimi. Hansı hisslər keçirdin?
- Bir tərəfdən xoş hisslər keçirdim ki, doğma stadiona qayıtdım. Sadəcə, bu dəfə rəqib kimi. "Qarabağ”ın gücü ortadadır. Komanda yoldaşlarımı tanımadım. Çox zəif çıxış etdik. Demək olar meydanda bir komanda vardı. O da "Qarabağ”.
- Rəqibdən belə çəkinirdiniz ki, hamılıqla müdafiə olunurdunuz? Bəlkə meydana çıxanda artıq məğlubiyyətlə barışmışdınız?
- Xeyr. Baş məşqçimiz rəqibi təhlil etmişdi. Meydana çıxıb sərbəst oynayacaqdıq. Uduzmaq olar, ancaq belə zəif oyunla. Bunu gözləmirdik. Nəticə qanunauyğun idi. Əslində, oyuna görə hesab daha böyük ola bilərdi. Ancaq 0:3 uduzduq, hələ yaxşı qurtardıq.
- Sənin üçün önəmli olan matçda yaxşı nəticə gözləyirdin, ancaq komanda yoldaşları səni pis vəziyyətə qoydular...
- Əlbəttə, xal qazanmağımızı arzulayırdım. İstəyərdim ki, məğlub olsaq da, ən azından oyun göstərək. Bu da alınmadı. Çox zəif çıxış etdik.
- İlk hissənin sonunda 2 dəqiqəyə 2 qol buraxmağınızı nəylə izah edərdin? Ümumiyyətlə, bu, oyunun qırılma nöqtəsi oldumu?
- Bəli. İlk hissənin sonunadək müdafiədə ciddi səhvlərə yol vermirdik. Ancaq 5 dəqiqəqə öz səhvlərimizdən qapımızda 2 top gördük. Bu oyun sonrakı gedişinə və nəticəyə öz təsirini göstərdi.
- Nadir hallarda fərqlənən İlqar Qurbanov qapına baxımlı qol vurdu. Keçmiş komanda yoldaşından belə qol gözləyirdin?.
- İlqarın yaxşı ötürmələri, güclü zərbələri var. Məşqlərdə də bunu göstərirdi. Əlbəttə, uzun illər komanda yoldaşı olduğumdan onu yaxşı tanyıram. Budəfəki qolu möhtəşım alındı. Onu bu münasibətlə təbrik edirəm.
- "Qarabağ”ın kapitanı Rəşad Sadıqov meydanda olmasa da, bu, hiss olunmurdu. Sabiq komandanın belə inamlı oyununu nəylə izah edərdin?
- Baş məşqçi Qurban Qurbanov elə sistem qurub ki, hansı futbolçu olursa-olsun - fərqi yoxdur bu, yerli, yoxsa başqa ölkədəndir – komandaya tez bir vaxtda uyğunlaşır. Rəşad həm "Qarabağ”, həm də Azərbaycan futbolu üçün böyük qüvvədir. O, qayıtdıqdan sonra "Qarabağ” daha güclü çıxış edəcək. Məncə, Sadıqovun yeri istər-istəməz görsənirdi. O, meydanda olanda komanda daha inamlı çıxış edir.
- Hər halda, Maksim Medvedev onu həm millidə, həm də klubda müdafiənin mərkəzində layiqincə əvəzləyir. Hərçənd, o, cinah müdafiəçidir....
- Maksimin mərkəzdə oynaması mənim üçün gözlənilməz deyil. Çünki "Qarabağ”da oynadığım vaxtda ara-sıra bu mövqedə çıxış edirdi. Medvedev bunu bacarır. Ona görə həm klubda, həm də millidə baş məşqçilər onu həmin mövqedə oynadırlar.
- "Qarabağ” üçün həlledici olan PAOK-la qarşıdakı ardıcıl matçlardan nə gözləyirsən?
- Əvvəla, həm "Qarabağ”a, həm də "Qəbələ”yə qarşıdakı oyunda uğurlar arzulayıram. Ağdam klubuna ilk qələbəsini qazanmaq üçnü yaxşı bir şansdır. Buna nail olacağı halda qrupdan çıxmaq iddiasını artıraraq bu yöndə irəliyə doğru bir addım atacaq.
- Səncə, bu 2 komandadan hansı Azərbaycan çempionluğu üçün daha şanslıdır?
- Gərgin rəqabət olacaq. Sonadək maraqlı mübarizə gedəcək. İndidən demək olmaz ki, kim çempion olacaq. Bu, "Qarabağ”la "Qəbələ” arasında gedəcək.
- Növbəti oyununuz elə "Qəbələ” ilədir. "Sumqayıt" üçün əsas motivasiya nə olacaq?
- Bizi evdə çətin matç gözəyir. "Qəbələ” ilə həmin oyuna qalib gəlməyə çalşacağıq. İstəyirik ki, oyunumuzu düzəldərək "Sumqayıt" azarkeşlərini sevindirək.