1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sənə əjdaha lazımdır?
Mehman SÜLEYMANOV
Bir çoxlarınız kimi mən də köhnə, ən əsası, unudulmaz filmlərimizin, xüsusilə kinokomediyalarımızın pərəstişkarıyam. Xüsusilə, "Bəyin oğurlanması”nın. Orada bir çox sözlər zərbi-məsələ çevrilib. Bunlardan biri də əjdaha ilə bağlıdır. Allah rəhmət eləsin Mirzə Babayevə, elçilikdə yeri olmadığı halda, başlayır əjdahadan söz salmağa. Deyir ki, bəs niyə o əjdahadan bizdə yoxdur? Digər rəhmətlik, gözəl aktyorumuz Yaşar Nuri də ona yerində sual verir ki, sənə əjdaha lazımdır?
Dünəndən müzakirəsi səngiməyən "Qarabağ” – "Qəbələ” oyunu ətrafında ən çox işlənən sözlərdən biri "əjdaha" oldu. "Qəbələ”nin futbolçusu Asif Məmmədovun müsahibəsindən məlum oldu ki, bəs, baş hakim Rəhim Həsənov qapılarına penalti qərarı verəndən sonra onun olub-olmadığını aydınlaşdırır və bu zaman köməkçisindən soruşur: "Əjdaha", top ələ dəymişdi, ya yox?" Həmin "əjdaha" isə qapı arxasında olan hakim, digər FİFA referimiz Əliyar Ağayev idi...
Ona niyə "əjdaha” deyildiyini anlamaq olar. Çünki Əliyar son vaxtlar Avropa arenasında bir-birinin ardınca təyinatlar almaqla, uğurlu oyunlar idarə etməklə "əjdaha"lıq edir. Əjdaha nə qədər mifik, arzuolunmaz qəhrəman olsa da, bizim dildə böyük uğurları olanlara deyilir. Lap Nadir Qafarzadə kimi...
Rəhim Həsənovun təbirincə desək, Əliyar Ağayev indi hakimlərimiz arasında "əjdaha"dır. Ancaq nə Əliyar, nə də Rəhim oyunda "əjdaha"lıq edə, penalti ilə bağlı düzgün qərar verə bildilər. Həsənov səhv etsəydi belə, Ağayev "əjdaha"lıq edib onun xətasını düzəldə, qulaqcığına penaltinin olmadığını deyə bilərdi. Bununla da məsələ həll olunar, Rəhim qərarını ləğv edə bilərdi. Bu, hakimə başucalığı gətirməsə də, hər halda, ziyanın yarısından qayıtmaq də xeyirdir.
Nədənsə hər 3 FİFA hakimimizin məhz "Qəbələ” ilə oyunlarında problemləri olur. Bu qədər də təsadüf olarmı? Maraqlıdır, 3-ü dünən "qırmızı-qaralar”ın oyununda cəmləşmişdi. Biri Rəhim Həsənov mərkəzdə, Əliyar Ağayevlə Orxan Məmmədov isə qapı arxasında. Hələ Yuri Syominin baş məşqçiliyi vaxtında "Qəbələ” ilk məğlubiyyətini aldığı matçda Məmmədov idarəçilyi ilə "fərqlənmişdi". O, "Sumqayıt"la həmin səfər oyununda qonaqların kapitanı Vladimir Levini ikinci hissənin ortasında ikinci sarı vərəqə göstərərək meydandan çıxartmış, son nəticədə isə "qırmızı-qaralar” 1:2 hesabı ilə uduzmuşdular. Əslən Qəbələdən olan bu referi "Qəbələ” üçün arzuolunmaz hakimə çevrilmişdi. Hətta Qəbələdəki evlərinin qarşısında etirazlar olmuşdu. Orxan bundan sonra "qırmızı-qaralar"ın oyunlarına az təyinat alır.
Ağayev "Qəbələ"nin ötən mövsüm "Neftçi” ilə "Bakcell Arena”da keçirilmiş ölkə kubokunun yarımfinal matçında Aleksey Qaya qarşı qapıçı Aqil Məmmədovun qayda pozuntusunu simulyasiya kimi qiymətləndirirək, ukraynalı futbolçuya sarı vərəqə göstərmişdi. Maraqlıdır, "Qəbələ"nin aşkar penaltisi verilmədiyi halda, şübhəli penalti dərhal təyin olunur. Bu da istər-istəməz şübhələrə, qərəzlə bağlı söz-söhbətlərə əsas verir. Bu səhvini başa düşən Əliyarın Qəbələyə getməyə üzü olmadı və bu komandanın oyunlarına təyin olunmamasını AFFA Hakimlər Komitəsindən xahiş etdi. Bu, cari mövsümədək müsbət cavablandırıldı və yalnız XI turda "Qəbələ"nin evdə "Neftçi” üzərində 4:1 hesabı ilə qalib gəldiyi matçda Ağayev yenidən iş başında oldu.
İndisə Həsənov "Qəbələ"nin matçında diqqət mərkəzinə düşür. Görəsən, FİFA hakimlərinin "Qəbələ” ilə problemləri nədir? Belə götürəndə, iddialı, çempionluğa oynayan komanda matçlarına beynəlxalq dərəcəli hakimlərin təyinat almalarını istəyirlər. Ancaq "Qəbələ” indiki vəziyətdə heç bunu arzulamır. Çünki bilir ki, beynəlxalq dərəcəli hakimlər gəlsə, yenə nəsə bir həngamə olacaq.
Mən çox istərdim: hakimlərimiz meydanda idarəçilikləri ilə elə "əjdaha"lıq etsinlər ki, klublar deməyə söz tapmasınlar. Yalnız onu desinlər ki, bax, hakim belə olar, halal olsun, "əjdaha”dır. Ancaq hakimlərimizin beynəlxalq miqyasda idarəçilikləri qaydasında getdiyi, ən azından ciddi problemləri, qalmaqalları olmadığı halda daxili yarışlarda tam fərqli olurlar. Hakimlərimizin ölkə daxilindəki yarışlarda aləmi bir-brinə qatdığı UEFA-nın qulağına çatanda əlbəttə, biizmkilərə inam azalacaq. Fikir vermisinizsə, FİFA referilərimizdən yalnız Əliyar Avropada iş başındadır. Həm Orxan, həm də xüsusilə Rəhim ofsaydda qalıb. Onlar hələ ki Avropa Liqası matçlarında Ağayevin briqadasında qapı arxasında qalmaları ilə təsəlli tapırlar.
Bəli, biz Çempionlar Liqasının qrup, Avropa və dünya çempionatının final mərhələsinin matçlarını idarə edən hakimlərlə bağlı ona-buna baxıb həsəd aparırıq. Sonra da deyirik ki, o "əjdaha"dan niyə bizdə yoxdur?
Yazıya "Bəyin oğurlanması" ilə başladıq, onunla da bitərək. Sadəcə, sitatı bir az dəyişərək - Bu futbol ki var, həm qəlizdir, həm də vacib...