İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi "İlin qalibləri-2016" layihəsi çərçivəsində "İlin baş məşqçisi" nominasiyasında qaliblər müəyyənləşib. Sportnet.az xəbər verir ki, qaliblər futbol və digər idman növləri üzrə müəyyənləşib.
Futbol komandalarının baş məşqçilərindən bu ada "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov layiq görülüb. 44 yaşlı mütəxəssis 57 idman jurnalistindən 30-nun (53 %) səsini qazanıb. Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 20 səslə ikinci, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk və "Kəpəz"in baş məşqçisi Şahin Diniyev hərəyə 3 səslə 3-4-cü yerləri bölüşüb. Azərbaycan 21 yaşadək futbolçulardan ibarət yığmasına rəhbərlik edən Yaşar Vahabzadə isə 1 səslə kifayətlənib.
Digər növlər üzrə komandalardan isə taekvondo yığmasına rəhbərlik edən Reza Mehmandust üstün olub. İranlı mütəxəssis 39 səslə (68 %) birinci yeri tutub. Qadın voleybolçulardan ibarət millinin baş məşqçisi Faiq Qarayev 7, cüdo yığmasının baş məşqçisi Peter Zayzenbaxer 6, karate millisinə rəhbərlik edən Rəhman Hətəmov 4, "Azəryol" qadın voleybol komandasının sabiq baş məşqçisi Ziya Rəcəbov isə 1 səs yığıb.
Hər 2 qalib baş məşqçiyə mükafatları Azərbaycan güləş yığmasının baş məşqçisi Firdovsi Umudov verib.