"Düşünürəm ki, bu bizim hamımız üçün yaxşı imkandır. Yığmaya bu qədər yaxınıq və özümüzü sübut etməliyik. Bütün oyunçular özünü göstərməlidir. Burada qorxulu heç nə yoxdur". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ" klubunun futbolçusu Filip Ozobiç Xorvatiya millisinə dəvəti haqda danışarkən yerli mətbuata açıqlamasında deyib.
"Qırmızı-qaralar"ın heyətində ölkə çempionatı və Avropa Liqasının qrup mərhələsində çıxış etdikdən sonra ilk dəfə yığmaya dəvət alan 25 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən danışıb: "Mənim fikrimcə Prosineçki Azərbaycanın bir nömrəli ulduzudur. Hətta eşitmişəm ki, ölkə başçısı yalnız uğurları münasibətilə onu təbrik edib. Düşünürəm ki, bu da Prosineçkinin statusunun sübutudur".
F.Ozobiç Bakıdan da söz açıb. O, paytaxtın möhtəşəm şəhər olduğunu söyləyib: "Bakı möhtəşəm şəhərdir. Bu şəhəri yeni Dubay adlandırmaq olar. Sanki Parisdir. Onlar futbolla maraqlanırlar. Ola bilər ki, stadionlarda kifayət qədər azarkeş olmasın, amma zamanla tribunalarda azarkeşlərin sayı artacaq".