"Qəbələ"nin futbolçusu Filip Ozobiç "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı hücumçu əvvəlcə oyunu dəyərləndirib...
- 3 xal qazanmağa çox yaxın olsaq da, son anda qələbəni əldən verdik. İndi "Qarabağ"ı Qəbələdə məğlub etməliyik.
- Qələbə üçün nə çatmadı?
- Bilmirəm. Sadəcə, 2 dəfə önə çıxdıqdan sonra qol buraxmaq olmaz. Bu gün uğursuzluq yaşadıq.
- Son saniyələrdə qol buraxmağınız komandanızın müdafiədəki problemlərindən xəbər vermir?
- Xeyr. Belə hallar olur. Bizə növbəti oyuna hazırlaşıb qələbə qazanmaq lazımdır.
- Siz azlıqda öndə olduğunuz vaxt "Zirə" bərabərliyi təmin edəndə futbolçuları elə sevinirdilər ki, sanki çempion olmuşdular. Bu, nə ilə əlaqədar ola bilər?
- Düzü, bilmirəm. Əlbəttə, onlar uduzmamalarına sevinirdilər. Amma niyə belə formada sevindiklərini bilmirəm. Bu gün bizimlə görüşə çox istəkli çıxmışdılar. Ola bilsin, son saniyələrdə qol vurmalarından məmnun idilər.
- Baş hakim Əliyar Ağayev komandanızın müdafiəçisi Rasim Ramaldanovu qovdu. İkinci sarı vərəqənin göstərildiyi epizod barədə nə düşünürsünüz?
- Mən hakimlər haqda danışmaq istəmirəm. Necə görübsə, ona uyğun da qərar verib.
- Ramaldanovun cəzalı duruma düşməsindən sonra mərkəz müdafiəçisi mövqeyində oyunçu qıtlığı yaşayacaqsınız...
- Müdafiəçi mövqeyində oynaya biləcək futbolçularımız var. Görək, baş məşqçimiz nə qərar verəcək, hansı heyətə güvənəcək?
- "Qarabağ"la oyunu "Qəbələ" üçün çempionluq yolunda həlledici qarşılaşma saymaq olar?
- Hələ irəlidə çox oyunumuz var. Amma əlbəttə, "Qarabağ"ı yenməyi çox istəyirik.
- Amma uduzsanız, xal fərqi 6-ya çıxa bilər...
- Razıyam. Ona görə də qalib gəlmək istəyirik. Görək, necə olacaq. Fikrimcə, qələbə şansımız var.
- Artıq aktivinizdə 10 qol var. Bombardirlik barədə nə düşünürsünüz?
- Əlbəttə, bu, sevindiricidir. Amma mən birinci yerdə "Qəbələ"nin olmasını istərdim.