"Neftçi"nin fransalı hücumçusu Hüqo Barqas Azərbaycan Premyer Liqasının XVIII turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra müsahibə verib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, qələbə topunun müəllifi jurnalistlərin suallarını cavablandırıb.
- Qarşılaşmanı necə dəyərləndirərdin?
- İlk dəqiqələrdən özümüz oyunumuzu çətinləşdirdik. Rəqib qapısına daha erkən qol vurmağa çalışırdıq. Ancaq ilk hissədə buna nail ola bilmədik. İkinci hissədə də qol axtarışına çıxdıq. Ancaq yenə çətin oldu. Çünki rəqib qapıçı çox gözəl oyun nümayiş etdirdi. Buna görə onu təbrik etmək istəyirəm. Sonda gözlədiyimiz qol gəldi və qələbə qazandıq. Komanda yoldaşlarımı, rəhbərliyi, azarkeşləri, bütün "Neftçi"sevərləri təbrik etmək istəyirəm.
- Hava şəraiti oyuna nə dərəcədə mənfi təsir göstərdi?
- Əlbəttə, bu amil oyunumuza mane oldu. Buna baxmayaraq, çoxlu hücum etdik, qol vəziyyətləri yaratdıq. Bu, bizi sevindirir. Hava şəraiti normal olsaydı, bəlkə bundan da çox qol vəziyyəti yarada bilərdik. Komanda şəklində sonadək mübarizə apararaq istəyimizə çatdıq. Göstərdiyimiz oyuna görə bu qələbəyə layiq idik.
- Baş məşqçi səni meydana buraxanda konkret hansı tapşırığı verdi?
- O dedi ki, oyunun sonuna az qalıb, əlinə imkan düşən kimi qapıya zərbə vur. Bu zərbələrdən hər hansı biri qola çevrilə bilər. Mən də ona qulaq asdım və dediyini meydanda etməyə çalışdım. Bunun biri qol oldu. Hər bir hücumçu üçün qol vurmaq növbəti oyunlara motivasiya deməkdir. İnnaıram ki, yenə qollarımı sıralayacağam.
- "Neftçi" bu il ilk ev oyununu keçirdi. Stadionla bağlı təəssüratların necədir?
- Düzü, bu cür atmosfer gözləmirdim. Ab-hava çox xoşuma gəldi. Azarkeşlər hər bir saniyə bizə dəstək oldular. Mənə elə gəlir ki, bu meydanda növbəti matçlarda da azarkeşlərimizi sevindirəcəyik.
- Azarkeş olsaydın, oyunun qəhrəmanı kimi yeganə qol vuran futbolçunu seçərdin, yoxsa "Sumqayıt"ın qapıçısını?
- Əlbəttə, həmin qapıçı çox gözəl oyun nümayiş etdirdi. Bunu danmaq olmaz. Ancaq bu cür oyunlarda qələbə topunu vuran futbolçu matçın ən yaxşısı sayılır. Mən də özümü seçərdim və yaxşı mükafat gözləyirəm.