"Qəbələ”nin futbolçusu Sergey Zenyovun səfərdə "İnter"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra Sportnet.az-a müsahibəsi...
- Oyunu necə dəyərləndirərdin?
- Bu cür ağır görüşlərdə oyun qalır ikinci planda, əsas qazanılan nəticə olur. Təbii ki, qalib gəldiyimizə görə ancaq sevinirik. Əsas olan "İnter” səfərindən qalib ayrılmağımız idi.
- Qələbə qollarını matçın başa çatmasına 15-20 dəqiqə qalmış vura bildiniz. Niyə bu qədər əziyyət çəkdiniz?
- "İnter”ə qarşı çox çətin olacağını dəqiq bilirdik. Bu komanda bizdən əvvəl "Qarabağ”la qarşılaşmış və qalib gəlmişdi. "İnter”çox yaxşı komandadır, asan olmayacağı bilinirdi. Bayaq da dediyim kimi, əsas odur ki, 3 xal qazandıq.
- İlk yarıda "İnter”in də qol vurmaq imkanları oldu. Birinci hissədə oyununuzun alınmamasına səbə nə oldu?
- Bilmirəm. Oyundan dərhal sonra bu haqda danışmaq çətindir. Məşqçilər korpusu səhvlərimiz barədə bizə məlumat verəcək.
- Əvəzlənməyinə səbəb zədə, yoxsa baş məşqçinin taktiki gedişi idi?
- Bir az zədəm var idi. Ona görə baş məşqçi mənə əvəzlədi. Çoxdandır ki, zədəm var, ancaq indi yaxşıyam.
- Sanki ötən mövsüm "Qəbələ”dəki oyunun daha yaxşı alınırdı, nəinki bu mövsüm. Razısan?
- Dəqiq deyim ki, müqayisə etməyəcəyəm. Çünki fərqli illərdən danışırıq. Mən əlimdən gələni edirəm ki, "Qəbələ” üçün xeyirli olum.
- "Qəbələ”nin çempionluq şansı daha böyükdür, yoxsa "Qarabağ”ın?
- Ola bilər ki, "Qarabağ”ın təcrübəsi var, ancaq bizim çempionluq üçün istəyimiz çoxdur. Görək təcrübə, yoxsa istək qalib gələcək (gülür - red.) Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- Qarşıdakı turda "Neftçi”nin qonağı olacaqsınız. Bu oyunda qələbə şansınızı necə dəyərləndirirsən?
- İndi qarşıdakı oyun barədə danışmaq istəmirəm. Çünki "İnter”lə ağır oyundan çıxmışıq. Bir az yorğunluğumuz keçsin, bu oyun haqda danışmaq olar. Yenə uzun pauza olacaq, görək, necə alınacaq.
- Mövsümün sonunda "Qəbələ” ilə müqavilən başa çatır?
- Bəli.
- Qalmaq istəyirsən, yoxsa ayrılmaq barədə düşünürsən?
- Hələ bu barədə düşünmək belə istəmirəm. Çünki qarşıda bizi çox vacib oyunlar gözləyir. Ona görə qalmaq və ya getmək haqda sonra düşünmək olar.