Ötən həftə İslandiyada rekord sayda doğuş qeydə alınıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə "The Independent" nəşrinə paytaxt Reykyavikdəki doğum evlərindən birində çalışan həkim bildirib.
Yeni doğulanların çoxluğuna səbəb kimi isə ötən il iyulun 27-də futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində İslandiya milli komandasının İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub etməsi göstərilir.
Ölkə vətəndaşlarının 9 ay öncə tarixi qələbəni günlərlə bayram etməsi doğuş sayına öz təsirini göstərib.
Yerli "Visir" jurnalı da mart ayının son günləri ərzində doğum üçün qeydiyyatdan keçənlərin sayının heç vaxt olmadığı qədər çox olması barədə məlumat yayıb.
Qeyd edək ki, 2016-cı il siyahıya almasına əsasən, İslandiya əhalisinin sayı 321 min 857 nəfərdir.