"İlk görüşdən ən yaxşı nəticə ilə ayrılmaq istəyirik. Yalnız qələbəyə oynayacağıq. Əsas məqsədimiz isə öz meydanımızda qol buraxmamaqdır”.
Bunu Sportnet.az-a açıqlamasında "İnter”in forvardı Rauf Əliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qəbələ” ilə keçirəcəkləri ilk oyun barədə danışarkən deyib. "Bankirlər”in hücumçusu ilk oyunda qolsuz heç-heçənin də onları qane edəcəyini bildirib: "Təbii ki, qələbə hər zaman xoşdur. Amma biz qol buraxmaq istəmirik. Fikrimcə, 2:0 hesablı qələbə ən yaxşısıdır. Hətta 0:0 hesabı da bizi qane edəcək".
"Düzdür, "Qəbələ” çempionluğa oynayır. Amma eyni zamanda ölkə kubokunda da uğurlu nəticə üçün çıxış edir. İnanmıram ki, rəqibimiz kuboka fikir verməsin. Fikir verməsəydi, elə ilk mərhələdə uduzardı. Biz bu oyuna ciddi hazırlaşırıq. Məqsədimiz də finala çıxmaqdır”.
Qeyd edək ki, martın 30-da keçiriləcək "İnter" - "Qəbələ" matçı saat 17:00-da başlanacaq.