"Komandamın oyunundan zövq aldım. Rəqibi təzyiq altında saxladıq. Ancaq bu, nəticəyə təsir etmədi. Standard vəziyyətlərdə diqqətsizliyin qurbanı olduq. Ümumilikdə, bu gün yaxşı çıxış etdik. Təəssüf ki, məğlub olduq. Bundan sonra necə olacağını mən də bilmirəm. Komandanın oyununda yüksəliş var".
Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "İnter"ə "İnter"ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında edib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Çempionatda sonuncu yer tutmağınız rəsmiləşdi. Əziyyətinizə heyfiniz gəlmir?
- 2 il bundan əvvəlki mövsümə görə təəssüflənirəm. Yaxşı komanda qurmuşduq, amma uşaqların hərəsi bir tərəfə dağıldı. Sonuncu pillədə olmamlı idik. Deməli, bu, bizim alnımıza yazılıb. Bu nə məndən, nə də uşaqlardan asılıdır. Obyektiv olanlar başa düşərlər ki, biz oyunumuza görə sonuncu pillədə deyilik. Çempionluğu xadimədən tutmuş, prezidentə qədər hər kəs istəməlidir.
- Bizdə hər dəfə olmur ki, sonuncu pilləni tutan komanda diviziona yuvarlansın. Fərqli qərarların şahidi olmuşuq. Bu dəfə AZAL-ı elitada saxlayacaqlarına inanırsınız?
- Bu barədə heç bir məlumatım yoxdur. Heç fikirləşmirəm də. Bu, mənim işim deyil. Hansı qərarların qəbul olunacağını bilmirik. Son oyunlarda bir neçə qələbə qazanmaq istəyirik. Biz də gözləyirik.
- AZAL-ı I Divizionda da çalışdırarsınız?
- Fikrət Hüseynovla birlikdə cavanlıqda futbol oynamışıq. Son iki ildə komandanı atıb getmədim. I Diviziona düşsək, hər şey büdcədən asılıdır. Büdcə yenidən elitaya çıxıb, yaxşı mübarizə aparmaq üçün yetərli olsa, bəli, çalışdıraram.
- Bəs Tərlan Əhmədovun taleyi necə olacaq?
- Açığı, təkliflərin olduğunu eşidirəm, amma real heç nə yoxdur. Aqibətimin necə olacağını bilmirəm. Amma fikrimi qalan oyunlara yönəltmişəm.
- Niyə yeni-yeni yaranan, maliyyə imkanları yaxşı olan komandalar, eləcə də "Neftçi" Tərlan Əhmədova ehtimad göstərmir? Məgər siz Elxan Abdullayevdən zəif məşqçisiniz?
- Bu barədə heç nə deyə bilmərəm. Hər klubun öz strategiyası var. Bu sualı onlara versəniz, daha yaxşı olar. Mən öz işimin başındayam. 3 futbolçumuz U-21-dədir, digər üçü də U-23-ə cəlb olunub. Aqil Məmmədov da əsas millimizdə çıxış edir. İşimiz də göz qabağındadır.