"Pulum oğurlanmayıb, sadəcə bir nəfərə borc vermişdim. Mustafanı sonuncu dəfə martın 31-də görmüşəm. Dedi ki, cümə namazı üçün məscidə gedirəm. Elə bununla aradan çıxdı, itdi”.
Bunu Sportnet.az-a açıqlamasında azərbaycanlı futbolçu, hazırda Türkiyədə "Çəngəlköyspor” klubunda çıxış edən İlham Allahverdiyev qardaş ölkədə dələduzluğa məruz qalması barədə danışarkən deyib. O, komanda yoldaşı Mustafa Taşkın tərəfindən aldadılıb. Pulu isə Allahverdiyev özü əllərilə Taşkına verib: "Mustafa məndən borc istəmişdi. Mən də inandım ona borc verdim. Sonra isə qaçdı. Halbuki qazandığım pullar idi. Artıq hüquqi tərəfdən işləmlər başlanılıb. Pulum qayıtmasa da, həmin adamın demək olar ki, futbolu bitdi. Ancaq mən ona 30 min türk lirəsi borc verməmişəm. Mənim onda olan pulum 12 min TL idi. Sadəcə, komandanın digər üzvlərindən də borc almışdı. Birindən 250, digərindən 750, başqasından 300 TL ala-ala aradan çıxdı. Kimdən də pul alırdısa, hamısına eyni şeyi deyirmiş. Xahiş edirmiş ki, bəs heç kimə deməyək. Ona görə də heç kimin bir-birindən xəbəri yox idi. Sonda da sənəd imzalayıb vermişdi ki, bəs martın 31-də pulun veriləcək. Həmin vaxt anası ilə də danışmışdım. Anası da dedi ki, verəcək pulunu. Sonra isə məsciddə dəstəmaz aldıqdan sonra qaçıb getdi. Düzdür, halal zəhmətimlə qazandığım pul idi. Ancaq gedən təki pul olsun. Hüquqi işlərə başlamışıq. Şükür Allaha təkliflərim var və həmin pulun 3-4 qatını yenə qazanacağam”.
Qeyd edək ki, "Bartınspor", "Qaradağ Lökbatan", "Şəmkir" klublarında oynamış İlham Allahverdiyev "Neftçi"nin yetirməsidir.