Azərbaycan Premyer Liqasının XXV turunda "Neftçi”ni qəbul edəcək "Kəpəz” oyunun hazırlığını tamamlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün keçirilən son məşqdən sonra komandanın baş məşqçisi Şahin Diniyev tarixi derbi ilə bağlı fikirlərini bölüşüb. O, mütləq qələbə qazanmalı olduqlarını qeyd edib: "Rəqibimizlə turnir cədvəlində qonşu pillədəyik. Aramızda böyük olmayan xal fərqi var. Bunu aradan götürmək üçün Gəncədə mütləq qələbə qazanmalıyıq. Bunun üçün də meydanda çox çalışmaq lazımdır. Odur ki, sabah gərgin oyun olacaq. "Neftçi” ilk iki dövrəyə nisbətən indi daha güclüdür, yaxşı oyunçuları var. Azarkeşlər maraqlı görüşə tamaşa edəcəklər. Ümumiyyətlə, ölkənin iki ən köklü klubu qarşılaşır və bu oyunlar derbi sayılır. Bizim futbolçular bunu yaxşı başa düşürlər. Komandalar həmişə bir-birinə qarşı prinsipial rəqib olub, aralarında güzəştsiz mübarizə gedib. Sabah da yəqin belə olacaq”.
Qeyd edək ki, aprelin 9-da keçiriləcək "Kəpəz” – "Neftçi” oyunu saat 16:00-da başlayacaq.