
"Zirə"nin futbolçusu Migel Lorenso Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə "Sumqayıt"la keçirəcəkləri oyun barədə danışıb. Portuqaliyalı müdafiəçi Sportnet.az-a açıqlamasında matçın ağır keçəcəyini bildirib.
Hazırda bu görüşü düşündüklərini deyən 25 yaşlı oyunçu uğurlu nəticə ilə yollarına davam etməyə çalışacaqlarını açıqlayıb.
Lorenso müqavilə üzrə məxsus olduğu Portuqaliya "Setubal”ına qayıdıb-qayıtmayacağı ilə bağlı hələ heç nəyin dəqiqləşmədiyini vurğulayıb: "Mənə hələ heç kəs heç nə deməyib. Ona görə mən də indi sizə dəqiq bir söz deyə bilmərəm. Amma indiki məqamda ən önəmlisi "Zirə”nin Avropa Liqasına yollanmasıdır. Mən də ancaq bunu fikirləşirəm. Məqsədimizə çataq, sonra baxarıq nə baş verir. "Setubal"a geri dönüb-dönməyəcəyimi məhz bundan sonra biləcəyik".
Qeyd edək ki, aprelin 15-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Zirə" matçı saat 16:30-da başlanacaq.