Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son qarşılaşmasında "İnter"lə "Qarabağ" komandaları üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Mahir Mədətov açıb. Digər qolları isə 54-cü və 79-cu dəqiqələrdə cənubi afrikalı hücumçu Dino Ndlovu vurub.
Bununla da xallarını 56-ya çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal geridə qoyaraq, ardıcıl 4-cü mövsüm çempionluğunu təmin edib. "İnter" isə 43 xalla 3-cü pillədə qalıb.
Qeyd edək ki, turun digər görüşlərində "Kəpəz" "Qəbələ"ni 2:0, "Neftçi" AZAL-ı 4:0 hesabı ilə yenib. "Sumqayıt" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 1:1.
-----------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Gəncə şəhər stadionunda "Kəpəz" "Qəbələ"ni qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Julyen Ebah və Dario Federiko vurub. Ebah 70-ci, Federiko 90+4-cü dəqiqədə fərqlənib. Bununla da "Qəbələ" çempionluq şanslarını faktiki itirib.
Saat 18:30-da başlanacaq görüşdə "Qarabağ" səfərdə "İnter"ə qalib gəlsə, ardıcıl 4-cü dəfə çempionluğunu təmin edəcək.
Hazırda "Qarabağ"ın 53, "Qəbələ"nin 49, "İnter"in 43 xalı var.
"Kəpəz" isə xallarını 30-a çatdıraraq, 6-cı pilləyə yüksəlib və Avropa Liqasına vəsiqə verən 4-cü yerə iddialarını davam etdirib.
--------------------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, matçlardan biri Gəncədə, digəri Bakıda keçiriləcək.
Nizami yurdunda Avropa Liqasına vəsiqə verən 4-cü pilləyə can atan "Kəpəz”lə çempionluq şansını qoruyan "Qəbələ” üz-üzə gələcək. Vəziyyət elə gətirib ki, heç-heçə heç kimin işinə yaramır. Düzdür, əldə olunacaq bir xal bu komandaların xəyallarının üstündən xətt çəkmir, lakin şanslarını ciddi şəkildə azaldır.
Paytaxtda lider "Qarabağ” cari mövsümdə qalib gələ bilmədiyi yeganə komandanın - "İnter”in qonağı olacaq. Qalibiyyət Ağdam klubunu qızıl medallara bir qədər də yaxınlaşdıra bilər. Çempionluğun erkən rəsmiləşməsi üçün isə "Qəbələ”nin Gəncədə uduzması, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivi isə "ağ-göylər”lə dueldə tilsimi qırması vacibdir.
Bürünc medalları özü üçün təmin edib, gümüşə "əlcək atan” "İnter”ə də qələbə lazımdır. "Qəbələ” səfərdə uduzmasa və Zaur Svanadzenin komandası "Qarabağ”a yenilsə, bakılılar üçüncülüklə kifayətlənməli olacaqlar. Qəbələ təmsilçisi 3 xal qazanacağı təqdirdə, "İnter”ə heç-heçə də sərf etmir.
Qeyd edək ki, ilk oyun günündə iki matç baş tutub. "Sumqayıt” "Zirə” görüşündə 1:1 hesablı heç-heçə qeydə alındığı halda, "Neftçi” AZAL-ı 4 cavabsız qolla üstələyib.
Azərbaycan Premyer Liqası
XXVI tur
16 aprel (bazar)
16:00 "Kəpəz” – "Qəbələ” - 2:0
Qollar: Julyen Ebah, 70. Dario Federiko, 90+4
Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
İlk üç dövrə - 0:2, 1:2, 1:1
18:30 "İnter” – "Qarabağ” - 0:3
Qollar: Mahir Mədətov, 4. Dino Ndlovu, 54; 79
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim inspektor: Kərim Ağayev
"İnter Arena”
İlk üç dövrə - 2:1, 0:0, 1:0
Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 11, Rauf Əliyev ("İnter") - 9 qol.