Bakının AZAL və "İnter" klublarının sabiq futbolçusu Enyo Krastovçev Azərbaycan karyerası barədə danışıb. Sportnet.az xəbər verir ki, bolqarıstanlı hücumçu "topsport.bg" saytına müsahibəsində "təyyarəçilər"in heyətinə formada olmadan qoşulduğunu bildirib.
O deyib ki, "Levski"ni tərk etdikdən sonra yarım il klubsuz qalıb. Nəticədə çəkisi bir neçə kiloqram artıb. Krastovçevin sözlərinə görə, AZAL-a çox pis vəziyyətdə olduğu vaxt keçib: "Mən iki məşq etdim. Dərhal ayaq əzələlərimdə ağrılar başladı. Amma onlar mənə müqavilə təklif etdilər. Çünki Ukrayna "Volın"ı ilə matçda çətinliklə oynasam da, qol vurmuşdum. Müqavilə bağladıqdan sonra həmyerlim Robert Petrovla eyni komandada yer aldım".
33 yaşlı forvard "İnter"də daha böyük məbləğdə əmək haqqı aldığını söyləyib. O, Azərbaycan Premyer Liqasının özəlliyindən də söz açıb: "Bu, yeganə turnirdir ki, klub rəhbərləri, məşqçilər və menecerlər içmək və rejimi əməl etməmək sarıdan problem görmürlər. Onlar çərimə kəsmir, hansısa cəza tədbirinə əl atmırlar".
Qeyd edək ki, Enyo Krastovçev 2010-2011 mövsümünün ikinci yarısında AZAL-da, 2011-2012 mövsümündə isə "İnter"də forma geyinib. O, iki komandada üst-üstə 3 qol vurub ("Report").