İspaniya La Liqasında mübarizə aparan "Alaves” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, Vitoriya-Qasteys şəhərini təmsil edən kollektiv italiyalı Canni De Byaziyə həvalə olunacaq. 61 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə bağlanılacaq.
O, bu postda uğursuz nəticələr səbəbi ilə sentyabrın 17-də istefaya göndərilən Luis Subeldiyanı əvəzləyəcək. "Alaves” çempionatda keçirdiyi 5 oyunun hamısında məğlub olub və 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Byazi son 6 ildə "Qarabağ”ın futbolçusu Ansi Aqollinin kapitanı olduğu Albaniya millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında tarixində ilk dəfə 2016-cı ildə Fransada keçirilən Avropa çempionatında iştirak edib. İtaliyalı mütəxəssis vətənində "Udineze”, "Torino”, "Breşiya”, "Modena”, SPAL, "Karpi” və "Pro Vasto”, eləcə də İspaniyanın "Levante” komandalarının da baş məşqçisi olub.








































































