"Oyuna pis başlamadıq. Belə çətin oyun gözləyirdik”.
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ”a 1:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Abasov fikrini bu sözlərlə davam etdirib: "Qarabağ”a qarşı hamı üçün çətin olur. Bacardığımız qədər müdafiə olunub, əks-hücumdan və ya standart vəziyyətdən fərqlənmək istəyirdik. Buna ilk dəqiqələrdə nail olduq. Ancaq individual fərq öz sözünü dedi. Bu səhvlər olmasaydı və bəxtimiz gətirsəydi, xal ala bilərdik”.
- Qapıçı dəyişikliyi nə ilə bağlı idi?
- Mehdi Cənnətova bundan sonra da şans verəcəyik. Çünki Fərhad Vəliyevin yaşı çoxdur. 1-2 ilə karyerasını bitirəcək. Mehdiyə şans verəcəyik görək bizdə oynamağa layiqdir, ya yox.
- Cavid İmamverdiyevin durumu nə yerdədi?
- Buna həkimlər sabah dəqiq diaqnoz verəcəklər. Cavid dedi ki, iynə kimi sancdı. Bu da pis əlamətdir. Belə aparıcı oyunçunu itirmək istəmirik. Ümid edirik ki, zədəsi ciddi olmaz.