"Zirə" ilə Azərbaycan Premyer Liqasının VI tur matçında zədələnən "İnter"in kapitanı Nizami Hacıyevin əzələsində yırtıq aşkarlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə "İnter"in baş məşqçisi Zaur Svanadze oyundan sonra keçirdiyi mətbuat konfransında açıqlama verib. O bildirib ki, təcrübəli yarımmüdafiəçinin zədəsi ciddidir: "Deyəsən, Nizaminin ə
zələsində yırtıq var. Yaxşı ki, qarşıda fasilə var. Yəqin ki, bu müddətdə sağalar. "Neftçi" ilə növbəti oyunda İlkin Qırtımov da oynamayacaq. Lakin bu gün qırmızı vərəqə alan Qırtımova heç bir cəza verməyəcəyik".
Svanadze baş hakim İnqilab Məmmədovun idarəçiliyindən narazılığını da ifadə edib: "Qol epizodunda dəqiq bir şey deyə bilmərəm. Təkrarı izləməliyəm. Həmin epizoda yan xətt hakimi daha yaxın idi. O ki qaldı qırmızı vərəqəyə, İlkinin ilk sarı vərəqə aldığı epizodda ona vərəqə verilməyə bilərdi. Məncə, bu qərar düzgün deyildi".
Baş məşqçi çətin səfər matçından 1 xalla ayrılan komandasına təşəkkürünü bildirib: "İlk hissədə yaxşı oynadıq. Mübarizə apardıq. Hər şey qırmızı vərəqəyə kimi yaxşı getdi. "Zirə” yaxşı komandadır. İkinci hissədə rəqib çox təzyiq etdi. Zirədə bir xal qazanmaq yaxşı nəticədi. Uşaqlara təşəkkür edirəm. Bizi qarşıda çətin oyunlar gözləyir".