
Hazırda Türkiyənin "Qaziospanpaşaspor" komandasında çıxış edən ötənlərin tanınmış futbolçusu Ramal Hüseynov Sportnet.az-a müsahibəsində Azərbaycan millisində birgə debüt etdikləri Rəşad Sadıqov barədə danışıb...
- Rəşad Sadıqovun İsveç yığması ilə 2002-ci il dünya çempionatının seçmə mərhələsindəki debütünüzü necə xatırlayırsan?
- Rəşad çox yüksək səviyyədə oyun göstərdi. Əsas məsələ odur ki, gözəl oyununun davamını hər İl daha da yuxarılara daşıdı.
- İqor Ponomaryovun ikinizi də əsas heyətdə meydana buraxması sizin üçün sürpriz olmadı?
- Xeyr, sürpriz olmadı. Çünki ikimiz də hazır idik. Daha əvvəl Makedoniya ilə 21 yaşadək futbolçulardan ibarət komandanın oyununda çıxış etmişdik. Həmin matçdan sonra hiss etdik ki, əsas komandaya gedəcəyik. Çünki U-21-də çox gözəl oyunlar keçirmişdik.
- Ponomaryov sizi kimin yerinə buraxdı? Yəni, səbəb nə oldu ki, Rəşad Sadıqovla sən birdən-birə əsas heyətdə meydana çıxdı?
- Mən Emin Quliyevin əvəzinə meydana çıxmışdım. Arif Əsədovla birgə dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edirdim. Raşadın isə kimin əvəzinə oynadığını tam xatırlamıram. Onu bilirəm ki, Sadıqov 3-lü müdafiənin sağında çıxış edirdi.
- AFFA-nın mərhum prezidenti Fuad Musayev sizin əsas heyətdə meydana çıxdığınızı gördükdə təəccüblənmədi?
- Məncə, yox. Çünki bizim orada olmağımızı elə özü istəyirdi.
- Musayevin özü Ponomaryova göstəriş verdi ki, sizi heyətə salsın?
- Elə bir şey eşitmədim. Amma U-21-in oyunundan sonra gəlib "Sizin əsas millidə oynama vaxtınızdır" dedi. Bu səbəbdən, İsveçin U-21-i ilə oyunda iştirak etmədik.
- Rəşad Sadıqovun milli ilə vida qərarını necə qarşıladın: Yenə oynaya bilərdimi və onun yerini doldurmaq olacaqmı?
- Məncə, hələ də oynaya bilər. Çünki onun yerınə tam hazır futbolçu yoxdur. Getməsi milli üçün böyük itkidir.