Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ötən gecə səfərdə İspaniyanın "Atletiko” klubu ilə 1:1 hesabı ilə heç-heçə edən "Qarabağ” bu gün vətənə dönüb.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi ilə səfərə gedənlər arasında Kamil Zeynallı da var idi. Hansı ki, məlum videosu ilə son günlər gündəmi zəbt etmişdi. Həmin qalmaqala Ağdam klubunun mövqeyi gecikməyib. Belə ki, klub rəhbərliyi Kamilin komanda ilə eyni təyyarədə vətənə qayıtmasına imkan verməyib. Baş məşqçi Qurban Qurbanov buna sərt reaksiya göstərdiyindən, rəhbərlik onun Bakıya fərqli reyslə qayıtması barədə qərar qəbul edib.
Qeyd edək ki, tez-tez sosial şəbəkədə qalmaqallı paylaşımlar edən müğənni Gülay Zeynallının əri Kamil Zeynallı komanda ilə səfərə yollanarkən "instaqram” vasitəsi ilə canlı yayıma qoşulub. Bu zaman "Məhəmməd Maqa” adlı sosial şəbəkə istifadəçisi xoşagəlməz rəylərdən istifadə edib. Kamil isə futbolçuların yanında yüksək səslə izləyicini və ailəsini ağır söyüşlərlə təhqir edib. "Qarabağ”ın futbolçuları da baş verənləri izləyib. Sözügedən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və izləyicilər baş verənlərə görə daha çox klubu tənqid edib. (dsport.az)