1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Elxan Məmmədov: "Qurban Qurbanovdan xahiş etdik ki, çıxsın"
AFFA-nın baş katibi Elxan Məmmədov Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyinatını şərh edib. Sportnet.az xəbər verir ki, Məmmədov bunları deyib...
- İctimaiyyət bu təyinatı gözləyirdi. Əslində bu, böyük sürpriz olmadı. Bununla belə, müzakirələr aparıldı. Etikaya uyğun olaraq, müzakirə zamanı Qurban müəllimdən xahiş etdik ki, çıxsın və İcraiyyə Komitəsinin üzvləri fikirlərini sərbəst bildirsinlər, çəkinməsinlər. Otaqda namizəd özü olanda çətinlik çəkə bilərdilər. Çox açıq söhbət, müzakirələr aparıldı. Daha sonra Qurban müəllimi dəvət etdik və qərarı elan etdik. Məsələ səsə qoyulmuşdu və 100 faizlik müsbət nəticə əldə etdik. Bu çətin işdə ona uğurlar arzulayırıq. Bu, uzunmüddətli layihə olacaq. 6 illik anlaşma 3 seçmə mərhələni əhatə edir. Müqavilə dekabrdan imzalanaraq, qüvvəyə minəcək. Artıq sözləşmə rəsmiləşdirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, Qurban Qurbanov "Qarabağ"da da davam etdirəcək.
- Başqa namizədlər var idi?
- Var idi. Lakin onlar müzakirə olunmadı. Çünki ilk növbədə, İcraiyyə Komitəsi üzvlərinin fikirlərini eşitmək istəyirdik: digər namizədlər axtarmağa və onları müzakirə etməyə dəyərmi? Gördük ki, buna heç ehtiyac yoxdur.
- "Qarabağ"ın bu təyinata reaksiyası necə oldu?
- "Qarabağ" klubunun rəhbərliyi ilə bu məsələ müzakirə olunub. Fikir bildirilib və buna müsbət reaksiya verilib.
- 10 illik fəaliyyətiniz dövründə ilk dəfədir yerli mütəxəssis milliyə baş məşqçi təyin olunur. Sizə elə gəlmirmi ki, bu, bir qədər gecikmiş qərardır?
- Tarixə baxaraq, "Təyinat 3 il əvvəl olsaydı, daha yaxşı nəticələr qeydə alınardı" deyə bilmərik. Hələ Robert Prosineçkinin təyinatından əvvəl AFFA rəhbərliyi və İcraiyyə Komitəsi Qurbanovun daha çox təcrübə qazanmasını münasib saymışdı. Açığı, təyinat üçün bundan yaxşı vaxt olmazdı. Çünki üç gün əvvəl Çempionlar Liqasında güclü rəqibə qarşı belə bir oyun nümayiş etdirdikdən sonra heç kimdə şübhə qalmadı. Əsas odur ki, "Qarabağ"ın hazırkı nəticələrini itirməyək. Təyinatdan sonra Qurban müəllim öz fikrini bildirdi ki, buna müsbət yanaşır. Çox demokratik formada özündən soruşduq. Çünki iki yerdə çalışmağın yükünü öz üzərinə götürür. O da hər iki yerdə işləməyi qəbul etdi. Sirr deyil ki, milli komandanın futbolçularının 50 faizdən çoxu "Qarabağ"da çıxış edir və onlar Çempionlar Liqasında da oynayırlar. Bu, sevindirici haldır. Çünki onlar hər 2-3 həftədən bir beynəlxalq təcrübə qazanırlar. Əslində futbolumuzda çatışmayan güclü rəqiblərə qarşı intensiv oyun idi. Şəxsi fikrim belədir ki, təyinat 3-4 il əvvəl baş versəydi, tez ola bilərdi. Çünki o anda baş məşqçi təhsil almalı idi. Son ildə Pro lisenziyası üzrə iki kurs keçirdik. İlk kursda Qurbanovun özü də iştirak etmişdi. Bu, UEFA tərəfindən keçirilirdi. İmtahanlardan sonra UEFA-nın tanınmış təlimçi-müəllimləri ilə müzakirələr aparırıq və onlar da öz fikirlərini bildirirlər. İndiyədək deyə bilmirdim, çünki təzyiq ola bilərdi. İndi isə açıq deyirəm: Qurban müəllimlə kursda 12 nəfər oxuyurdu. Almaniyanın, hazırda isə UEFA-nın təhsil sistemində çalışan şəxs imtahandan sonra mənə bildirmişdi ki, bu qrupdan 4-ü Azərbaycanı baş məşqçi olaraq, beynəlxalq səviyyədə təmsil etməyi bacarar. O, Qurban müəllimi xüsusi qeyd etmişdi. "Bu insan hər dərsdə yeni fikirlər, yeni ideyalarla çıxış edir, suallar verir. Bunu mən sizə açıq deyə bilərəm və rəhbərliyə məruzə etmək baş katib kimi borcumdur. Təyinat üçün düzgün andır. Sevindirici haldır ki, bu gün Avropanın futbol ailəsi məhz "Qarabağ"dan və Qurban Qurbanovdan danışır. "Atletiko" ilə Bakıdakı oyundan sonra bəzi xarici KİV-lər yazmışdılar ki, hər komanda sürpriz edə bilər, bəxt gətirdi və s. Amma səfərdəki oyun heç də belə olmadığını və əslində "Atletiko"nun bəxtinin gətirdiyini göstərdi.
- Həm klub, həm də yığmada çalışmaq Qurban Qurbanova problem yaratmayacaq?
- Açıq deyirəm: Əziyyəti o çəkəcək, məsuliyyəti o daşıyacaq. Qurban müəllim elə insandır ki, çətinlik olsa, gəlib deyəcək. Təəssüf ki, bu gün çempionatımızda 14-16 komanda iştirak etmir. Cəmi 8 komandadır. Hesablasaq, futbolçu sayı maksimum 200 nəfər olar. Onlardan da bir çoxu 21 yaşadəkdir. Araşdırdıq, məlum oldu ki, hazırda U-21 yığmasında çıxış edən 25 futbolçu 10 tur ərzində orta hesabla cəmi 27 dəqiqə meydanda olub. Bu da çox aşağı göstəricidir. Ona görə də qərara aldıq ki, "Qarabağ" bizim baza komandası olacaq. Bu da normal haldır. Bu gün aparıcı ölkənin millisinə baxsaq, görərik ki, əksər futbolçuları bir, maksimum iki klubdandır. Onlar da sonda uğurlu nəticələr göstərirlər. Mən müqayisə aparmaq istəmirəm. Amma hərdən bir azarkeş kimi təhlillər, analizlər aparırıq. Məsələn, Braziliya yığmasının dünya çempionatındakı uğursuz çıxışını peşəkarlar texniki baxımdan futbolçuların bir neçə klubda deyil, bütün Avropada oynamaları ilə əlaqələndirirlər. Hər bir ölkənin çempionatında isə onlar tamamilə fərqli konsepsiya, fəlsəfə və taktika ilə çıxış edirlər. Eyni qaydada İngiltərəni digərləri ilə müqayisə etmək olar. Maliyyə və populyarlıq sarıdan çox uğurlu və ən baxımlı çempionatları var. Lakin milli komanda uğurlu nəticə qazana bilmir. Ola bilsin, bunun da təsiri var. Çünki bir klubdan maksimum 2 futbolçu yığmada yer alıb. Uğurlu misallara da nəzər salaq. İspaniya yığmasına uğur qazandıranların çoxu 2-3 klubda çıxış edirdi. Almaniya millisi barədə də eyni sözləri demək olar. Türkiyə millisinin ən yaxşı illəri "Qalatasaray"ın uğurlu dövrünə təsadüf edib. Bu gün heç kim deyə bilməz ki, uğurun formulu budur. Amma statistika belə deyir.
- Müqavilənin maliyyə şərtləri necədir: Robert Prosineçkinin məşqçilər korpusu daha çox məvacib alacaq, yoxsa Qurban Qurbanov?
- Düzü, bu məsələ müzakirə olunmadı. Yəni, maliyyə şərtlərini nə o qaldırdı, nə də biz. İnanıram ki, bu, problemsiz həllini tapan məsələdir.
- Qurban Qurbanov Bernhard Lipperin səlahiyyətlərini əlinə alacaqmı?
- Çalışacağıq ki, vahid sistemlə gedək, bir fəlsəfə olsun. Həmin fəlsəfənin konsepsiyası hazırdır. İdman direktoru hazırlayıb, təyinatı gözləyirik. Hər bir baş məşqçinin taktiki baxımdan öz fəlsəfəsi var. Fəlsəfənin konsepsiyası hazırdır. Bunu bütün klublara verəcəyik.
- Milliləşdirilmiş futbolçular yenə dəvət ediləcəkmi?
- Bu, artıq baş məşqçiyə aid məsələdir. Bizə çoxlu müraciətlər olub. Türkiyə milli komandasına düşməyən futbolçular hazırda bizə müraciət edirlər. Onların adlarını çəkməyəcəyəm. Bu günədək AFFA-nın inzibati vəzifələrində çalışanlardan heç kim gələn futbolçularla bağlı qərar qəbul etməyib. Bu, yalnız baş məşqçinin tövsiyəsi ilə baş verib. Heç bir baş məşqçi deyə bilməz ki, AFFA rəhbərliyindən ona "Bu futbolçunu götürün" söyləyib. Bu, yalnız baş məşqçinin qərarı ilə olub.
- Bəs aşağı yaş qrupları üzrə yığmalarda necə?
- Ramil Şeydayevlə danışıqlara başlayanda o, Rusiya millisinin futbolçusu idi. Bununla belə, biz baş məşqçidən fikrini soruşduq. Çünki Şeydayev vətəndaşlığını dəyişdirdikdən sonra Azərbaycan millisinə dəvət almasaydı, bu, yaxşı hal olmazdı. Bu səbəbdən, yalnız baş məşqçinin fikri əsasında addım atmışıq. Biz futbol meydanına qarışmamışıq.
- Vahid sistemə keçid kütləvi kadr islahatlarına səbəb olacaqmı?
- Təbii ki, bununla bağlı dəyişikliklər olacaq. Ümid edirik ki, "Qarabağ" qrup mərhələsi yekunlaşdıqdan sonra Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcək. Daha sonra məşqçilərlə müzakirələr aparılacaq. Milli komanda fəlsəfəsi konsepsiyasının təqdimatını edəcəyik və müvafiq qərara gələcəyik. Təbii ki, bu zaman klub rəhbərliyi ilə də müzakirə aparılacaq.
- Bəs inzibati heyətdə dəyişiklik gözlənilir?
- Xeyr, elə böyük dəyişiklik gözlənilmir. Çünki məsələn, hazırda "Qarabağ"da çalışan fizioterapevt millidə də eyni vəzifədə işləyir. Millinin ukraynalı həkimi "Qarabağ"la da, digər klublarla da sıx işləyir. 2020-ci il Avropa çempionatına vəsiqə qazanmağı qarşımıza məqsəd qoymuşuqsa və vahid sistemlə çalışırıqsa, maksimum nəticə göstərməliyik. Bu məsələdə heç kim maneçilik törətməməli, əksinə, dəstək verməlidirlər. Futbol ailəsinin hər bir üzvü eyni məqsəd uğrunda çalışmalı, Qurban müəllimə kömək etməlidirlər ki, yaxşı nəticə göstərsin. Təbii ki, köməkçilərini özü gətirəcək.
- Bəs aşağı yaş qrupları üzrə məşqçilər necə?
- Yalnız Qurban Qurbanovun tövsiyyəsi əsasında. Bernhard Lippertin müqaviləsi 2019-cu ildə başa çatır. Lippertə hamı yalnız idman direktoru kimi yanaşır. İdman direktorunun funksiyasına təhsil sistemi də daxildir. 2019-cu ilədək Pro lisenziyalı təhsil sistemi UEFA-nın nəzarətində gedəcək. Daha sonra UEFA bu sistemi bizə təhvil verəcək. Biz öz məşqçilərimizi də hazırlayırıq. Bu da əslində Lippertin bir vəzifəsidir. Pro lisenziyalı kursların Azərbaycanda təşkilində onun da köməyi var. Qonşu ölkələrdə belə kursları müştərək təşkil edirlər. Bizdə isə bu, müstəqil şəkildə aparılır. Aşağı yaş qrupları üzrə yığmaların baş məşqçiləri ilə 2017-ci ilin sonunadək müqavilə bağlanılıb. Bundan sonra yığmalara təyinat onun tövsiyyəsi əsasında aparılacaq. Əslində bunu Robert Prosineçkidən də soruşurduq. Lakin əcnəbi baş məşqçi hər zaman gücünü bir komandaya qoyur, digər komandalara isə böyük önəm vermir. Çünki müvəqqəti olduğunu bilir.
- Renat Dadaşovun 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasından imtinasına münasibətiniz necədir?
- Samir Ələkbərov əsasən, 3 futbolçunu U-21-ə dəvət etmək istəyirdi. Lakin Renat Dadaşovdan cavab gəldi ki, o, "Ayntraxt"ın U-19 komandasının heyətində həmin vaxt oyuna çıxa bilər. Cavab bu idi. Təbii ki, klubunda oyunu yoxdursa, bura gəlməsini istərdik. Klubunda oyuna çıxmasa, onunla ayrıca danışacağıq. Çünki hansı milli komandaya gəlməməsinin fərqi yoxdur.